Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Real TV-yə verdiyi müsahibədə ölkədə COVID-19 ilə bağlı vəziyyətdən danışıb

Real TV telekanalına müsahibə verən SN-nin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova ilk növbədə hal-hazırda dünyada və Azərbaycanda COVID-19 pandemiyasına aid olan son məlumatları səsləndirib. Onun sözlərinə görə, dünyada artıq 18 milyona yaxın insan koronavirusa yoluxub. “Real İntervyu” verilişinin qonağı bildirdi ki, Azərbaycanda koronavirus infeksiyasının yayılması fevral ayının 28-də ilk hadisənin qeyd edilməsi ilə başlayıb və indi ölkədə ümumi yoluxanların sayı 34 000-ə yaxındır. Onlardan təxminən 89 faizi artıq sağalıb, 10 faizi isə hələ müalicələrini davam etməkdədir. Bu günə kimi təxminən 770 000 test aparılıb.

 

Bundan sonra Nəzifə Mürsəlova xəstəlik hadisələrinin böyük qisminin Bakı şəhərinin payına düşməsini qeyd edib. Regionlar arasında liderlik Sumqayıt şəhəri, Abşeron, Gəncə, Mingəçevir şəhərləri və Cəlilabad, Salyan, Lənkəran, Yevlax və s. rayonlara aid olduğunu vurğulayan Nəzifə xanım Bakının rayonları arasında COVID-19-a yoluxma hadisələrinin sayına görə Binəqədi, Xətai, Sabunçu və Yasamal rayonları üstünlük təşkil etdiyini bildirib.

 

Nazirliyin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin təmsilçisi müsahibə zamanı ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində yaradılmış xüsusi məntəqələr haqqında da söhbət açıb. Onun verdiyi məlumata görə, Bakı şəhərində poliklinik-ambulator xidmət göstərən 39 sahə məntəqələrində çalışan tibb işçiləri xüsusi hazırlıq keçib. “814” nömrəli Çağrı Mərkəzindən yönləndirilmiş müraciətlər əsasında burada xəstələrin çeşidlənməsi baş verir və sahə həkimləri tərəfindən hər bir müraciətlə bağlı müvafiq işlər aparılır. Belə ki, simptomsuz xəstələr bir neçə gün müddətinə müşahidəyə götürülür, simptomlu xəstələrdən isə ev şəraitində laborator müayinə üçün test analizi götürülüb, Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlər üçün ayrılmış nəqliyyat vasitələrilə laboratoriyalara çatdırılır. Səhiyyə Nazirliyi nəzdində bu işin təşkili üçün yaradılmış işçi qrupu gün ərzində sahə məntəqələrinin işini tənzimləyir və yaranmış problemlərin həllində yardım edir.

 

“Real İntervu” verilişinə verdiyi müsahibə zamanı Nəzifə Mürsəlova pandemiya şəraitində Azərbaycanın digər ölkələrdən nə ilə fərqləndiyinə dair fikirlərini açıqlayıb. O, epidemiyanın başlanğıc dövründə əhali arasında xəstəliyə qarşı inamsızlığın olmasını xüsusən vurğulayıb və qeyd edib ki, məhz bu, xəstəliyin ölkə ərazisində geniş yayılmasının əsas səbəblərindən biridir. Xəstəlik hadisələrinin tək-tək qeyd edildiyi dövrdə vətəndaşlara maska taxmaq, fiziki məsafəni qorumaq, şəxsi gigiyenaya riayət etmək, toplaşmamaq haqqında müraciətlərdən sonra bir çox insanlar bunu panikaya səbəb kimi qəbul edirdilər. Lakin zaman keçdikcə, bunun yanlış olduğu hamıya məlum oldu.

 

Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova veriliş zamanı ölkədə tətbiq olunan xüsusi karantin rejimi haqqında da danışıb. Onun fikrinə görə, karantinin əsas məqsədi koronavirus sınağından az itkilərlə çıxmaqdır, bunun üçün də xəstəliyin yayılma zəncirinin qırılması vacibdir. Məhs bu məqsədlə yoluxmuş şəxslərin izolyasiyası, onlarla təmasda olan insanların karantin müddətində müşahidəsi vacibdir. “Birmənalı şəkildə bu qərarların yalnız xalqın mənafeyi üçün verildiyi dərk edilməlidir” – deyə, Nəzifə xanım öz fikrini tamamlayıb. Bundan sonra o, karantin rejiminin aradan qaldırılmasından sonra normal həyata dönüş haqqında danışıb. Onun düşündüyü kimi, keçid bir neçə mərhələyə bölünməlidir və unutmamalıyıq ki, yenə də məsafənin saxlanılması, şəxsi gigiyena qaydalarına riayət, qoruyucu vasitələrdən istifadə mütləqdir.

 

Verilişdə qaldırılan mövzulardan biri də mövsümlə əlaqədar və əhali arasında olduqca aktual olan çimərliklərdən istifadə mövzusudur. Nəzifə Mürsəlova bu məsələyə öz münasibətini bu sözlərlə bildirdi: “Əlbəttə, Xəzər ölkəmizin daha bir böyük sərvətidir. Lakin nəzərə alsaq ki, isti yay günlərində çimərliklərdə eyni zamanda böyük sayda insanlar olur, eyni oturacaqlar, uzanacaqlar, ictimai ayaqyolu və geyinmə-soyunma yerlərindən istifadə edir, burada yoluxma ehtimalı artır. Bildiyimiz kimi, xəstəlik hadisələrinin azalması ilə əlaqədar bu qadağa aradan qaldırılmışdır, lakin hələ də xəstəliyin yayılma ehtimalı yüksək olduğundan fiziki məsafə, tibbi maskalardan istifadə və şəxsi qiqiyena qaydalarına əməl olunmalıdır.

 

Nəzifə Mürsəlova veriliş aparıcısının verdiyi koronavirus ilə bağlı əhalinin maarifləndirilməsi haqqında suala cavab olaraq, qeyd edib ki, ilk günlərdən maarifləndirmə sahəsində iki istiqamətdə işlər aparılıb. Onlardan biri - əhalinin maarifləndirilməsi, digəri isə - tibb sahəsində çalışan insanların maarifləndirilməsidir. SN-nin mətbuat xidməti tərəfindən sosial şəbəkələr vasitəsilə kifayət qədər maarifləndirici video çarxlar yayımlanmış, bundan əlavə SN-nin bu sahə üzrə mütəxəssisləri televiziya kanallarında çıxışlar etmişdir ki, bu çıxışlar da əhali üçün COVID-19-la bağlı faydalı məlumatlardan ibarət idi. SN-nin rəsmi saytında belə məlumatlar mütəmadi olaraq dərc olunur. Eyni zamanda, tibb işçiləri üçün böyük sayda yaddaş vərəqələri, bukletlər və stolüstü rəhbərliklər çap olunmuş və tibb müəssisələrinə paylanılmışdır. Həmçinin, tibb işçiləri üçün ADHTİ-da onlayn təlimlər keçirilir.

 

Daha sonra verilişdə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində görülən tədbirlər haqqında söhbət aparılıb. Nəzifə Mürsəlova COVID-19 pandemiyasının elan olunduğu ilk günlərdən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində müxtəlif işlərin aparıldığını vurğulayıb. Səhiyyə mütəxəssislərinin həftəlik olaraq beynəlxalq təşkilatların dəvəti ilə pandemiyanın idarə olunması ilə bağlı müxtəlif vebinarlarda iştirakı davam etməkdədir. Belə ki, artıq bir neçə dəfə Azərbaycana səfər edən Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupunun busəfərki gəlişi çərçivəsində bir sıra görüşlər keçirilib, epidemioloji nəzarət və laborator diaqnostika məsələlərinə dair sənədlər hazırlanıb”.

 

Müsahibənin sonunda Nəzifə Mürsəlova qeyd edib ki, koronavirus infeksiyasının son həftələr ərzində müşahidə olunan dinamikasında müsbət tendensiya (xəstəlik hadisələrinin azalması) dövlət səviyyəsində görülmüş işlərin, irəli sürülmüş tələb və qaydaların əhali tərəfindən qəbul olunması və onlara riayət olunmasının nəticəsidir. O, həmçinin, bu günlər ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardıma daxil olan müraciətlərin 30% azalmasına tamaşaçıların diqqətini cəlb edib. O, çıxışını bu sözlərlə bitirib: “Bir daha sizi COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyət və həmrəyliyi nümayiş etdirib, tələb və qaydalara riayət etməyə, özünüzün və yaxınlarınızın sağlamlığını qorumağa çağırıram. Pozitiv olun, sağlam qalın!”

 

 

 

 

8/08/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->