Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Avropa ölkələrinin səhiyyə nazirləri ÜST-ün siyasət və planlarını dəstəkləyirlər

ÜST-ün Avropa Regional Bürosunu Bakıda keçirilən sessiyası bu gün başlıca səhiyyə məsələləri ilə bağlı çoxsaylı tədbirlər planlarını təsdiq etdikdən sonra öz illik toplantısını başa çatdırmışdır. Sessiyada, həmçinin, “Salamlıq 2020” proqramının hazırlanması istiqamətində işlərin davam etdirilməsi dəstəklənmişdir - bu proqram ictimai səhiyyənin inkişaf etdirilməsi və xəstəliklərə qarşı mübarizə sahəsində dövlətlərin hərtərəfli yanaşmasını təşviq edən kompleks səhiyyə siyasətini əhatə edir.     

 

“Bu, yaddaqalan bir görüş oldu, - ÜST-ün Avropa Regional Bürosunun direktoru Jujanna Yakab  bildirmişdir. -  Avropa üçün yeni bir təkan yaranmışdır. Biz sağlamlığın insanların bir hüququ olaraq qorunması və bu məsələnin bütün hökumətlərin siyasətinə daxil edilməsi ideyasını qətiyyətlə bölüşürük. Eyni zamanda, ölkələr faktlara əsaslanan geniş tədbirlər planlarını dəstəklədilər ki, bu da onlara əsas öldürücü xəstəliklərdən bəzilərini aradan qaldırmağa kömək edəcəkdir”.    

Gündəliyə aşağıdakı tədbirlər planları daxil edilmişdi:

 

Yoluxucu olmayan xəstəliklər: məsələn, xərçəng, ürək-damar xəstəlikləri, diabet və iflic  

Alkoqolun sağlamlığa zərər verəcək qədər qəbul edilməsi

Dərman və müalicəyə müqavimət göstərən vərəm

Antibiotiklərə qarşı müqavimət

HİV/QİÇS

 

Avropa üçün yeni səhiyyə siyasəti kimi hazırlanmaqda olan “Sağlamlıq 2020” Proqramı özünün dəyərləri və bərabərliyin, sosial səhiyyəyə aid aktual məsələlərin və ictimai səhiyyədəki vəziyyətin bütün səviyyələrdə yaxşılaşdırılmasının əhəmiyyətini vurğulayan əhatə dairəsi ilə böyük marağa səbəb olmuşdur. Bu məsələlərdə hamının rəyi bir olmuşdur. Qazaxıstanın səhiyyə naziri belə demişdir: “Sağlamlıq 2020” Proqramı bizə, doğrudan da, lazımdır. O, bizim üçün təmiz hava ilə nəfəs almaq deməkdir”. Yunanıstanın səhiyyə naziri: “İnsanlara deyirəm ki, mən xəstəliklərlə çalışan nazir deyiləm, sağlamlıq uğrunda çalışan nazirəm”.   

 

“Sağlamlıq 2020” Proqramının iqtisadi çətinliklər dövründə dəyəri bir çoxları, xüsusilə Estoniya, Yunanıstan və İrlandiya tərəfindən təqdir edilmişdir. Bunun səmərəsi eynilə ona bənzəyir ki, insanlar xəstə olarkən onların müalicəsi üçün maliyyə vəsaitləri tapmaq əvəzinə, onların sağlamlığı təmin edilir. ÜST-ün Baş direktoru doktor Marqaret Çen sessiyadakı çıxışında bildirmişdir: “Bu, ölkələrin hamısı üçün ən böyük çağırış olmalıdır: səhiyyə üçün ayrılan büdcələrin milli və beynəlxalq səviyyədə durğun və məhdud olduğu zamanda səhiyyə sahəsində ölçülə bilən və ədalətli nailiyyətlərin səviyyəsi maksimal həddə çatdırılmalıdır”. İsraildən olan nümayəndə bildirmişdir: “Səhiyyəyə ayrılan milyonlarla avro okeandakı balıq kimidir. İctimai səhiyyəyə ayrılan milyonlarla avro isə külli miqdarda vəsaitdir”. Qərara alınmışdır ki, səhiyyə üçün sadəcə xəstəliyə tutulan insanlar deyil, cəmiyyətin bütün üzvləri məsuliyyət daşımalıdır. Bu, “hər kəsin işidir”. 

 

ÜST-də islahat aparılması məsələsi də gündəliyə daxil edilmişdi. Monakodan olan nümayəndənin səsləndirdiyi fikri hər kəs dəstəkləmişdiri: “ÜST səhiyyə sahəsində liderlik rolu oynayan qlobal bir qurumdur. Bizdən tələb olunan öz rolunu ona geri qaytarmaqdır.”  Norveç nümayəndəsi də oxşar fikir söyləmişdir: “ÜST dünya səhiyyəsində yeganə demokratik təşkilatdır və biz onunla bir yerdə olub, təşəbbüsü ələ almalıyıq”. 

 

Tədbirdə səhiyyə sisteminin problemləri, ictimai səhiyyənin imkanları və digər məsələlər barədə də müzakirələr aparılmışdır. 

 

Sessiya 2011-ci il sentyabr ayının 12-dən 15-dək davam etmişdir. Ümumilikdə, burada Avropadan olan 50 üzv dövlət təmsil olunmuşdur ki, həmin təmsilçilərdən 19-u səhiyyə nazirləri idi. 255 nümayəndə isə Birləşmiş Millətlər Təşkilatı, Avropa Komissiyası kimi təşkilatların filiallarını və ya tərəfdaşlarını, eləcə də çoxlu sayda qeyri-hökumət təşkilatlarını təmsil edirdilər. İştirakçılar arasında ÜST-ün Baş direktoru dr. Marqaret Çen, eləcə də Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, Gürcüstan Respublikasının birinci xanımı Sandra Roelofs, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Ümumdünya Fondunun direktoru, professor Mişel Kazaçkine,  Avropa Sosial  Əlaqələndirmə və Səhiyyənin Paylanmasının Təhlili təşkilatının sədri Mixail Marmot var idi. Tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açmışdı.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 62-ci sessiyası gələn il sentyabrın 10-13-də Maltada keçiriləcək.


Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı 

 

Avropa ölkələrinin səhiyyə nazirləri ÜST-ün siyasət və planlarını dəstəkləyirlər

15/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013