Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ÜST-ün Avropa Regional Komitəsinin Bakıda keçiriləcək 61-ci Sessiyasının təşkilinə dair mətbuat konfransı keçirilmişdir

09.09.2011-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının  Avropa Regional Komitəsinin Bakıda keçiriləcək 61-ci Sessiyasının təşkilinə dair mətbuat konfransı keçirilmişdir.

 

ÜST Avropa regional bürosunun direktoru Jujanna Yakob və Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştirakı ilə keçirilən konfransda 2011-ci il sentyabrın 12-dən 15-dək Bakıda ÜST-nin Avropa Regional Bürosunun 61-ci sessiyasının gündəliyinə daxil edilmiş məsələlər haqda açıqlamalar verildi.

 

Məlumat verildi ki, 53 ölkənin səhiyyə naziri və dövlət rəsmilərinin iştirakı ilə keçiriləcək sessiyada 5 həyati vacib məsələ -  yoluxucu olmayan xəstəliklərə və vərəmə qarşı mübarizə, alkoqolizm, antibiotiklərə qarşı davamlılıq, QİCS və antibiotiklərdən düzgün istifadə problemlərini müzakirə olunacaq.  

 

Belə bir tədbiri Azərbaycanda keçirilməsini  ölkə səhiyyəsinə verilən yüksək qiymət kimi dəyərləndirən Jujanna Yakob  səhiyyənin bir çox sahələrində, o cümlədən vaksinasiya, idarəçilik siyasətində çox böyük nailiyyətlərin əldə edildiyini vurğuladı. J.Yakob bəzi Avropa ölkələrinin Azərbaycanın əldə edildiyini bu nailiyyətlərini qazanmağa çalışmalı olduqlarını və Azərbaycanın təcrübəsindən istifadə etmələrinin vacibliyini qeyd etdi.

 

Azərbaycan hökumətinə belə bir əhəmiyyətli tədbirin keçirilməsində göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirən Yakob, ölkə başçısının  bu sahədə həyata keçirilən tədbirlərə birbaşa dəstəyini xüsusi vurğuladı.  Büro rəhbəri son illər ərzində ölkədə səhiyyəyə ayrılan vəsaitin sürətlə artmasını, yeni-yeni müəssisələrin tikilib və ya  təmir olunub istifadəyə verilməsini, Avropa standartlarına  cavab verən avadanlıqlarla təchiz olunmasını əhalinin sağlamlığına böyük önəm və diqqətin nəticəsi kimi qiymətləndirildiyini dedi.

 

İclasda müzakirə ediləcək məsələlərə toxunan Yakob bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd ÜST-nin Avropa regionunda səhiyyə ilə bağlı vəziyyətin yaxşılaşdırılmasıdır. Avropa regionunu digər regionlardan fərqləndirən cəhətlərindən biri kimi Avropada son 20 ildə insanların ömür uzunluğunun  artmasını misal çəkən xanım Jujanna Yakob yenə də regiondakı bəzi ölkələrdə bu göstərici üzrə 20 ilə qədər fərq olduğunu bildirdi və bu fərqi aradan qaldırılması məqsədilə 2020-ci ilədək olan müddəti əhatə edəcək proqram hazırlandığını qeyd etdi.

 

 Daha sonra konfrans iştirakçıları jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırdılar.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

ÜST-ün Avropa Regional Komitəsinin Bakıda keçiriləcək 61-ci Sessiyasının təşkilinə dair mətbuat konfransı keçirilmişdir

9/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013