Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən avqust ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilmişdir.

 

Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 618 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 5 misli həcmində 477 min manat vəsait ödənilmişdir. Bu tibb işçiləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasının yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri olmuşdur.

 

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 160 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində 280 min manat vəsait ödənilmişdir. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçiləri olmuşdur.

 

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1072 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 530 min manat vəsait ödənilmişdir. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzlərinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorları və digər işçiləri olmuşdur.

 

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilmişdir.

 

 

25/09/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->