Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AR Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov ağciyər xəstəliklərindən danışıb

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 senyabr Dünya Ağciyər Günündə müsahibə verib və ağciyər xəstəliklərindən ətraflı danışıb. İlk növbədə dosent qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri dünyada yaxın gələcəkdə insanların infarkt və ya insultdan deyil, xroniki ağciyər xəstəliklərindən daha çox hallarda əziyyət çəkməyini proqnozlaşdırıb. Rafiq Bayramov bunun səbəbləri ilə bağlı öz fikirlərini izah edib: “Əsas səbəblər - bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında ekoloji faktorları olan havanın çirklənməsi və insanların həddindən artıq çox tütün çəkməsinin rolu böyükdür. Yaranmasının əsas səbəbi tütünçəkmə olan ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) səbəbindən ölüm göstəriciləri hazırda artmaqdadır: dünyada hər 5 dəqiqədən bir bu xəstəlikdən 100 nəfər, il ərzində isə 3 milyondan artıq insan dünyasını dəyişir. Hazırda yer kürəsində ən azı 70 milyon nəfər AXOX xəstəliyindən əziyyət çəkir. ÜST-ün proqnozuna görə, 2030-cu il üçün dünya üzrə ölüm cədvəlində AXOX 3-cü yer tutacaq”.

 

Daha sonra Rafiq Bayramov hal-hazırda Azərbaycanda ən çox yayılan ağciyər xəstəliklərindən söhbət açıb. Onun verdiyi məlumata əsasən ölkəmizdə xroniki ağciyər xəstəliklərinin rastgəlmə tezliyi dünyada olan müvafiq göstəricilərə uyğun olaraq dəyişir. O, təəssüflə qeyd edib ki, dövlət səviyyəsində tütünçəkmə ilə nə qədər mübarizə aparılsa da, vətəndaşlar bir çox hallarda bu zərərli vərdişdən əl çəkmək istəmir. Son illər isə xüsusilə qadınlar arasında tütünçəkənlərin sayının artması məyusedici faktor olduğunu vurğulayan dosent ölkəmizdə, bütün dünyada olduğu kimi, ağciyərlərin xroniki obstruktiv xəstəliyinə düçar olanların sayının artmasını bildirib. Rafiq müəllim, həmçinin, ağciyərlərin xroniki xəstəlikləri arasında bronxial astma və vərəmin də çox aktual olduğunu qeyd edib. “Doğrudur, son illər vərəmə yoluxma, xəstələnmə və ölüm göstəricilərində nisbətən azalma və ya stabilləşmə müşahidə olunsa da, dərmanlara rezistent vərəmin artması ciddi bir məsələ olaraq qalır” – deyə Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri firkini tamamlayıb.

Daha sonra müsahibə verən kafedra müdiri AR Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə ağciyər xəstəliklərinin yayılmasının qarşısının alınması üçün yaradılan strategiya və tədbirlərdən məlumat verib. Onun sözlərinə görə, ağciyər xəstəliklərinin yayılmasının qarşısının alınması və bu xəstəliyə düçar olanların müalicəsi məqsədi ilə Azərbaycan Respublikasının höküməti, o, cümlədən Səhiyyə Nazirliyi mütəmadi olaraq bütün lazımi tədbirləri görür. Belə ki, geniş yayılmış ağciyər xəstəlikləri ilə mübarizəyə dair müvafiq strategiya hazırlanıb və tətbiq edilməkdədir. Ölkəmizdə bəzi xroniki ağciyər xəstəlikləri ilə mübarizə məqsədilə Dövlət proqramları (məsələn, vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı) icra olunmaqdadır. AXOX və bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında başlıca rolu olan tütünçəkmə ilə mübarizə məqsədilə ölkəmizdə yeni qanun layihələri təsdiq olunub və qapalı, ictimai yerlərdə tütünçəkmənin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib. Rafiq Bayramov ölkəmizdə vərəmlə mübarizə tədbirlərinin də qənaətbəxş olduğunu bildirib. Belə ki, o, aşkarlanaraq qeydiyyata alınmış həm dərmanlara həssas, həm də rezistent vərəm xəstələrin tam dövlət hesabına müalicə olunduğu haqqında məlumat verib.

 

Müsahibə zamanı həmçinin, Azərbaycanda ağciyər xəstəliklərinin diaqnostika və müalicəsi məsələlərinə də toxunulub. Kafedra müdiri dosent Rafiq Bayramov deyib: “Hal-hazırda ölkəmizdə müasir standartlara cavab verən, ən son tibbi avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri və yüksək ixtisaslı kadrlar mövcuddur. Ona görə də, hər hansı bir xəstəliyin diaqnostikası və müalicəsi məqsədilə dünyada tətbiq edilən üsulların əksəriyyəti bizdə də istifadə olunur”. Rafiq bəy onu da qeyd edib ki, hal-hazırda ölkəmizdə ağciyər transplantasiyası əməliyyatları icra olunmadığına baxmayaraq o, yaxın gələcəkdə bir çox orqanların transplantasiyası kimi, ağciyər transplantasiyası da Azərbaycanda icra ediləcəyinə ümid olduğunu bildirib.

 

Müsahibəsinin sonunda Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov payız-qış mövsümünün gəlişi ilə kəskin respirator virus infeksiyalarının yayılması haqqında danışıb. Dosent qrip və atipik pnevmoniyanın simptomlarının oxşarlığına görə onları bir-birindən ayırmaq bacarığının olduqca vacib olduğunu vurğulayıb və deyib: “Təbii ki, payız-qış mövsümündə respirator infeksiyalarla xəstələnənlərin sayı nisbətən artır. Hazırda daha aktual olan COVID-19 virusu ilə bağlı onu deyə bilərəm ki, koronavirusa yoluxanların böyük əksəriyyəti onu simptomsuz və ya yüngül əlamətlərlə keçirir. Yaşı 65-dən yuxarı, ürək qan-damar, böyrək, qaraciyər xəstəlikləri, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərdə isə COVID-19 daha ağır keçir”.

 

Müsahibəsini yekunlaşdıran dosent Rafiq Bayramov siqaret çəkənlərə üz tutub, özləri və digərlərin sağlamlığını qorumaq, xroniki ağciyər xəstəliklərinin yaranmasının qarşısını almaq məqsədilə bu zərərli və olduqca təhlükəli vərdişdən imtina etmək xahişi ilə müraciət edib.

 

 

 

 

 

 

 

25/09/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->