Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının açılışı olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olmuşdur.


Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat vermişdir ki, bu gün ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.


Bildirildi ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqətin davamlı xarakter aldığını bir daha təsdiq edir. Xəstəxanada aparılan işlər müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir. 110 çarpayılıq xəstəxanada ən müasir tibbi avadanlıqla təchiz edilmiş rentgen, ultrasəslə müayinə, stomatoloq, otolarinqoloq, terapevt və digər kabinetlər vardır. Xəstəxanada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqla təchiz olunmuşdur.


Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanmışdır. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar öz əksini tapacaqdır. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən belə tədbirlər ölkəmizin səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.


Səhiyyə ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

23/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013