Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Oqtay Şirəliyev İslam Əməkdaşlıq Təşkilatı Səhiyyə Nazirlərinin 3-cü sessiyasında iştirak etmişdir

Səhiyyə Naziri Oqtay Şirəliyev29 Sentyabr -1 Oktyabr 2011-ci il tarixlərdə Qazaxıstan Respublikasının Astana şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı  Səhiyyə Nazirlərinin 3-cü sessiyasında iştirak etmişdir.

 

Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsinin Səhiyyə rəhbərlərinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi.

 

“Sağlamlıq, Rifah və Bərabərlik” devizi altında keçən sessiyanın gündəliyində İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı, qlobal səhiyyə sistemlərinin strateji idarəsi, Minilliyin İnkişaf Məqsədlərində səhiyyə məsələləri, infeksion və qeyri - infeksion xəstəliklərə qarşı mübarizə, səhiyyənin maliyyələşməsi, tibbi kadr potensialının artırılması, 2012-2022-ci illər üzrə İslam Əməkdaşlıq Təşkilatı ölkələri səhiyyə strateji proqramının təqdimatı və digər məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.

 

Tədbirin birinci gününün plenar iclasında İslam Əməkdaşlıq Təşkilatı Səhiyyə Nazirlərinin birinci (Kuala - Lumpur 12-15 iyun 2007) və ikinci ( Tehran 1-4 mart 2009) sessiyalarının qərar və qətnamələrinin yerinə yetirilməsi, habelə görülmüş işlər haqqında hesabatlar dinlənilmişdir.

 

Sessiyaya fəxri qonaq kimi dəvət edilən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Bürosunun Direktoru Dr. Jujanna Yakab öz nitqində gündəlikdə müzakirə edilən məsələlərin, habelə  qəbul ediləcək qərarların ÜST Avropa Regional Komitəsinin Bakıda keçirilmiş 61-ci sessiyasının qərar və qətnamələri ilə səsləşdiyini vurğulamış və 2 həftə əvvəl Azərbaycanda olan təəssüratları ilə bölüşmüşdür.

 

Regional direktor öz nitqində orada olan fürsətdən istifadə edərək, 61-ci sessiyanın ən yüksək səviyyədə təşkilinə görə Azərbaycan Dövlətinin Rəhbərliyinə bir daha öz təşəkkürünü bildirmişdir.

Sessiyanın formatına uyğun olaraq gündəlikdə olan məsələlərə dair panel iclaslarda Azərbaycan Respublikasının Səhiyyə Naziri çıxış edərək Azərbaycanda səhiyyə və sosial sferada aparılan islahatlardan, səhiyyə təhsilinin təkmilləşdirilməsi, səhiyyənin maliyyələşdirilməsi, İslam əməkdaşlıq Təşkilatı ölkələri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri və müştərək layihələrin həyata keçirilməsinin müstəsna əhəmiyyəti haqqında məlumat vermişdir.

 

Azərbaycan Respublikasının Səhiyyə Naziri sessiya çərçivəsində Qazaxıstan Respublikasının Səhiyyə Naziri, Türkiyə Respublikasının Səhiyyə Nazirinin Müstəşarı, ÜST Avropa Regional Komitəsinin Regional Direktoru və digər rəsmilərlə işçi görüşlər keçirmişdir.

 

Qazaxıstan Respublikası Səhiyyə Naziri ilə görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri müzakirə edilmişdir.

Hər iki ölkənin səhiyyə sahəsində qazandığı müsbət təcrübənin öyrənilməsi və bölüşməsi məqsədi ilə bir sıra səhiyyə müəssisələrinə baxışın keçirilməsi haqqında müqabil tərəfə təklif verilmişdir.

 

Tədbir ərəfəsində Astananın Ana və uşaq Sağlamlığı Mərkəzində, Respublika Neyrocərrahiyyə Mərkəzində,Hematologiya Mərkəzində görüşlər olmuşdur.

 

1 oktyabr 2011-ci il tarixdə İslam Əməkdaşlıq Təşkilatı Səhiyyə Nazirlərinin 3-cü sessiyası öz işini başa vurdu.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

5/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013