Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində özəl tibb sektorun nümayəndələri ilə “Dəyirmi masa” keçirilmişdir

Səhiyyə Nazirliyində özəl tibb sektorunun nümayəndələri ilə müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.

Tədbirdə iştirak edən Səhiyyə nazirliyinin rəsmiləri son illər ərzində səhiyyədə, xüsusilə də özəl səhiyyə sektorunda görülən işlər, əldə olunan nailiyyətlər barəsində  məlumatlar verdilər, qarşıda duran yeni planları ilə paylaşdılar.

 

Bildirildi ki, 1993-cü ilin sonlarından etibarən səhiyyədə  aparılan islahatlar çərçivəsində özəl səhiyyənin yaradılması ilə əlaqədar tədqiqatlar aparılmağa başlanmışdır. Bu zaman bir sıra inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilmiş, mövcud qanunvericilik bazası təkmilləşdirilməyə başlanılmışdır. Özəl tibbi xidmətlər bazarının subyektləri arasında münasibətləri tənzimləmək məqsədi ilə 30 dekabr 1999-cu ildə “Özəl Tibb Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunla özəl sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə geniş imkanlar verilmişdir. Bundan əlavə  Azərbaycan Respublikası Prezidentinin  2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə  “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq(lisenziya) verilməsi haqqında qaydalar» təsdiq edilmişdir.

 

  Bunlarla yanaşı keçən bu illər ərzində özəl tibbi praktikanın inkişafı məqsədilə bir sıra yeni qanunvericilik aktları qəbul edildi və təcrübədə tətbiq olunmağa başlamışdır.  Hazırda səhiyyəni özəl tibb müəssisələri olmadan təsəvvür etmək mümkün deyildir. Belə ki, səhiyyənin bazar iqtisadiyyatının tərkib hissəsi kimi qəbul edilərək inkişaf etdirilməsi əhalinin sağlamlığının qorunması sahəsində müstəsna əhəmiyyətə malikdir.

 

  Özəl səhiyyənin genişlənməsi nəticəsində rəqabət mühitinin inkişafı özəl tibbi xidmətlərin qiymətinin xeyli azalmasına səbəb olmuşdur. Bu günə respublika üzrə 496 hüquqi və fiziki şəxs Səhiyyə Nazirliyindən xüsusi razılıq (lisenziya) alaraq özəl tibb fəaliyyəti ilə məşğul olurlar.

 

Səhiyyə Nazirliyi tərəfindən son illərdə özəl tibb fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə təşkili məqsədilə bir sıra normativ sənədlər, o cümlədən “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”, “Stomatoloji tibbi müəssisələrə dair sanitariya-gigiyena  tələbləri”, aptek müəssisələrinə olan tələblər hazırlanaraq təsdiq edilmişdir. Qeyd olunan normativ sənədlər Səhiyyə Nazirliyinin internet saytında yerləşdirilmişdir.

 

Tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması işi daima təkmilləşdirilir. 2010-cu ildə Səhiyyə Nazirliyinin əmri ilə tibb, əczaçılıq, prekursorların idxalı, ixracı, tranzit  nəql edilməsi və istehsalı fəaliyyətlərinə lisenziyanın verilməsi üçün müəssisələrin işə hazırlıq vəziyyətinin öyrənilməsi məqsədilə komissiya yaradılmışdır. Bu Komissiya işə başladıqdan sonra özəl tibb müəssisələrinin fəaliyyət sahələrinə, avadanlıqla təminatına diqqət artırılmışdır. Hazırda özəl tibb müəssisələri normativ sənədlərin tələbləri səviyyəsinə gətirildikdən sonra onlara lisenziya verilir.  Bu ilin may ayında Səhiyyə Nazirliyində keçirilmiş sərgidə nümayiş etdirilən lisenziya almış müəssisələr bunun əyani sübutudur.

 

Tədbir iştirakçılarına verilən məlumatlardan sonra diskussiyalar başladı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

13/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013