Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov: 1987-ci ildən bugünədək mərkəzdə 7552 İİV-infeksiyası ilə yaşayan xəstə qeydiyyatdadır

 

 

- İİV/QİÇS nədir və İİV-ə yoluxma yolları hansılardır?

 

İİV-infeksiyası - İnsanın immunçatışmazlığı virusu (İİV) tərəfindən törədilən immun sisteminin artan zədələnməsi ilə müşaiət olunan xronik infeksion xəstəlikdir.

QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) - İİV virusunun insanın immun sistemini zədələməsi nəticəsində opportunistik (fürsətçi) infeksiyalar yaxud onkoloji xəstəliklər şəklində ağır klinik əlamətlərlə təzahür olunan xəstəliyin 4-cü və ya sonuncu klinik mərhələsidir. Bu mərhələdə xəstələrdə immun (CD4) hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, hətta zəif patogen infeksiyalar da xəstənin həyatı üçün təhlükə yaradır.

İİV-infeksiyasına yoluxmanın üç yolu mövcuddur:

• Cinsi yolla

• Hemotransmissiv yolu ilə (qan vasitəsilə)

Buraya İİV-ə yoluxmuş insanın qanının digərinə köçürülməsi, öncə İİV-li xəstədə tətbiq olunmuş və dezinfeksiya edilməmiş tibbi və məişət alətlərinin (şpris, iynə, ülgüc, stomatoloji, cərrahi, manikür, tatuaj, pirsinq alətləri və s.) təkrar istifadəsi nəticəsində.

• Anadan uşağa (şaquli) ötürülmə nəticəsində: hamiləlik zamanı, doğuş vaxtı və körpənin döşlə qidalandırılması müddətində.

 

- İİV-in əlamətləri hansılardır?

 

İİV-infeksiyasına yoluxma əlamətləri ilk mərhələdə adi soyuqlama, qısa müddətli zökəm, bədən temperaturunun bir neçə gün subfebril olması ilə təzahür olunur və tamamilə keçir.

İlkin klinik əlamətlərə limfa düyünlərinin böyüməsini (limfadenopatiya) spesifik simptom kimi aid etmək olar. Düyünlər ağrısız, elastik, hərəkətli və üzərində dəri örtüyü dəyişməmiş qalır.

Qeyd edilən simptom yoluxmaya şübhə yaradaraq laborator müayinəyə əsas verir.

 

- İİV-in diaqnozunda hansı müayinə üsullarından istifadə edilir?

 

Azərbaycan Respublikasının qanunvericilik aktları üzrə İİV-infeksiyasının diaqnozu klinik, laborator və epidemioloji məlumatlar əsasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ekspert Şurasının qərarı ilə qəbul edilir və təsdiqlənir.

İİV-ə yoluxması təsdiq olunan insanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər, onlar burada qeydiyyata alınır və həmin vaxtdan etiotrop antiretrovirus terapiyasına qoşulur. Ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Həmin vaxtdan 2021-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəsmi olaraq 7552 İİV-infeksiyası ilə yaşayan xəstə qeydiyyata alınıb, onlardan təxminən 70 faizi kişilər təşkil edir.

 

- İİV-ə yoluxan insanların müalicəsi necə aparılır?

 

İİV infeksiyasına yoluxan şəxslər bütün həyatları boyu daimi tibbi yardıma ehtiyacları var. İİV/QİÇS zamanı müalicə və yardımın əsas komponentini antiretrovirus terapiyası (ART) təşkil edir. Bu zaman xəstələrin müalicəyə sadiqlik göstərməsi çox vacibdir. Düzgün seçilmiş ART İİV-ə yoluxan şəxslərin həyat keyfiyyətini və müddətini artırır, opportunist infeksiyaların qarşısının alınması üçün immunitetin kəmiyyət və keyfiyyətcə bərpasına dəstək olur. Aparılan müalicə virus yükünü maksimal dərəcədə aşağı salaraq infeksiyanın digər insanlara ötürülmə riskini azaldır və xəstəliyin proqressivləşməsini maksimum uzun müddətə ləngidilir.

İİV-li xəstələrin müayinə və müalicəsi bütün mərhələlərdə pulsuz və könüllüdür.

 

 

 

 

19/10/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->