Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə mütəxəssislərinin fəaliyyəti sertifikatlaşdırılır

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini həyata keçirilməsi işinə artıq başlanılmışdı. Səhiyyə Nazirliyində Sertifikasiya şurasının ilk iclası keçirilmişdir. İclasın gündəliyinə daxil olunmuş əsas məsələlərdən biri Sertifikasiya şurasına sədr, sədr müavini və katibinin seçilməsi məsələsi idi. Toplantıda sertifikasiya prosesinin qaydaları müzakirə olundu.

 

Qeyd edək ki, artıq uzun illərdi ki, dünya praktikasında öz təsdiqini tapmış və hazırda da ölkəmizdə tətbiq olunan Sertifikasiya prosesi AR Prezidentinin 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” nı rəhbər tutaraq Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 

Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb edilirlər.

 

Qeyd olunmalıdır ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (həmçinin uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər.

Bundan başqa, alı və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən, habelə ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.

 

Səhiyyə mütəxəssislərinin sertifikasiyası şəffaflıq, aşkarlıq şəraitində 2 mərhələdə - test və müsahibə yolu ilə reallaşdırılır. Test imtahanı 100 sualdan ibarətdir və 3 saat ərzində fasiləsiz davam edir. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılırlar. Test imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs bilavasitə, yaxud işlədiyi səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən məlumatlandırılır. Test imtahanının və müsahibənin nəticələri əsasında Sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

 

Sertifikasiyadan keçmək üçün Səhiyyə Nazirliyinə aşağıda göstərilən sənədlər müvafiq qaydada təqdim edilir:

 

- Nazirlik tərəfindən müəyyən edilmiş formada ərizə;

 

- Şəxsiyyət vəsiqəsi və onun surəti;

 

- Ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti;

 

- Əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti;

 

- Kadrlar uçotunun şəxsi vərəqəsi;

 

- İxtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti;

 

- Sağlamlıq haqqında arayış;

 

- 3x4 ölçüdə 2 fotoşəkil.

 

Həkim və orta tibb ixtisasları üzrə təsdiq olunmuş sualların nümunəvi toplusu, habelə sertifikasiya prosesinin qaydaları haqda geniş məlumatı Səhiyyə Nazirliyinin internet səhifəsində

(www.health.gov.az) saytında əldə edə bilərsiniz.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

25/11/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013