Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Astanada travmatoloq və ortopedlərin Beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir

2011-ci ilin oktyabr ayının 13-14-də Qazaxıstanın paytaxtı Astana şəhərində Müstəqil Qazaxıstan Respublikasının 20 illiyinə həsr edilmiş travmatoloq və ortopedlərin Beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir.

 

Konfransda eyni zamanda Qazaxıstan Səhiyyə Nazirliyinin Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 10 illiyi qeyd edilmişdir. Konfransa Almaniya, Avstriya, Çin, Türkiyə, Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və digər dövlətlərin nümayəndələri iştirak ediblər.

 

Azərbaycanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru prof. V. Verdiyev, t.e.n A.Q.Qəhrəmanov və t.e.n A.F.Mirzəyev təmsil etmişlər. V.Verdiyev konfransda vitse prezident və həmsədrlərdən biri kimi fəaliyyət göstərmişdir. Konfransa açılışı Qazaxıstanın baş nazirinin müavini J.K.Orinbayev və səhiyyə naziri Ş.Kairbəyova etdilər.

 

2 gün ərzində 100-ə qədər  elmi məruzələr dinlənilmişdir.

 

Azərbaycan 2 məruzə təqdim etmişdir. Bunlardan “Azərbaycanda yol-nəqliyyat travmatizmi və onun xüsusiyyətləri” dinləticilərin böyük marağına səbəb olmuşdur. Təqdim edilmiş materiallarda yüksəksürətli avtomobillərin və ümumən avtoparkın artması ilə əlaqədar yüksək enerjili travma almış xəstələrin sayının artmasına baxmayaraq Səhiyyə Nazirliyi tərəfindən yaradılmış 12 regional təcili yardım məntəqələri, onların ən müasir təcili yardım maşınları, reanimobillərlə təchiz edilməsi, əsas avtomobil magistrallarda yerləşməsi, ilk tibbi yardımı hadisə yerində xəsarət almışlara göstərilməsi yaralılara yerində yardım göstərməyə imkan yaradır. Həmçinin qeyd edilmişdir ki, zərərçəkmişlərin ixtisaslaşdırılmış travmatoloji şöbələrə çatdırılması orta hesabla 20 dəqiqə təşkil edir və bu da vacib bir şərtdir. Məruzədə həmçinin qeyd edilmişdir ki, Azərbaycanın bütün bölgələrində müalicə ocaqlarının Avropa standartları səviyyəsində təmir və təchiz olunması zərərçəkmişlərə vaxtında və yüksək səviyyədə yardım göstərməyə imkan yaratmışdır.

 

Azərbaycanın nümayəndələri həmkarları ilə gələcəkdə birgə elmi-praktiki işlər aparılması haqda planlar qurmuşdurlar. Xüsusən Türkiyədən olan 33 nəfər həmkarlarla yeni texnologiyaların Azərbaycana gətirilməsi və tətbiqi istiqamətində danışıqlara başlanmışdır. Eləcədə Türkiyə Ortoped və Travmatoloqlar Dərnəyinin sədri prof. Mahmut Nedim Doralla Türkdilli  Travmatoloq- Ortopedlərin gələcəkdə birgə çalışmaları, əlaqələri, konqreslərin keçirilməsi haqda danışıqlar aparıldı. Türkiyə tərəfi noyabr ayının əvvəllərində Türkiyədə Türk Beynəlxalq  travmatoloq və ortopedlərin konqresində Türkdilli dövlətlərin birgə qurumunun yaradılmasına dair tədbir keçirməyi planlaşdırdıqlarını bildirdilər.

 

Konqres yüksək səviyyədə keçirilmiş və ixtisasın bütün sahələrini əhatə edərək innovasiyon texnologiyaların tətbiqi haqqında çoxsaylı yeniliklərlə zəngin olmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

21/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013