Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olmuşdur

25.10.2011-ci il tarixində  Səhiyyə naziri Oqtay Şirəliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Şerin Pollini və Müdafiə Proqramının koordinatoru xanım  Paula Paulettini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan Oqtay Şirəliyev Qırmızı Xaç komitəsinin  nümayəndələrinə bütün dünyada həmçinin də Azərbaycanda mühüm layihələr həyata keçirdiklərini, ən əhəmiyyətli və çətin məqamlarda əhalinin yardımına gəldiklərini müsbət hal kimi qiymətləndirildiyini bildirdi.

 

Nazir 1995-ci ildə Qırmızı Xaç Komitəsinin Azərbaycanda həyata keçirdiyi vərəmli məhkumların müalicəsi proqramı çərçivəsində ölkəmizdə 10 500 - dən çox vərəmli məhkumların müalicəsinə başlandığını xatırlatdı. O. Şirəliyev  Komitə tərəfindən həyata keçirilən layihənin 2011-ci ildə başa  çatdığını xatırlatdı. Hazırda vərəmli məhkumların müalicəsi Səhiyyə Nazirliyi tərəfindən aparılır. Statistik göstəricilərə görə Azərbaycanda cəzaçəkmə müəssisələrində ən ağır və müalicəsi mümkün olmayan cüzi saylı vərəm xəstələri vardır və onların da müalicəsi uğurla davam etdirilir.

 

Daha sonra nazir müharibə şəraitində yaşayan Azərbaycanda Qırmızı Xaç Komitəsinin də rolunun böyük olduğunu qeyd etdi.

 

Səmimi qarşılanmaya görə öz minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Şerin Pollini Azərbaycanda son illər ərzində həyata keçirdikləri və gələcəkdə nəzərdə tutduqları layihələr haqqında qısaca məlumat verdi.

 

Xanım Şerin müharibə şəraitində olan Azərbaycanda  3700 itkin düşmüş azərbaycanlının axtarıb tapılması üçün yeni layihə hazırlandığını qeyd etdi. Beynəlxalq Qırmızı Xaş Komitəsi tərəfindən həyata keçiriləcək layihənin tətbiqi üçün yeni layihə hazırlandığını bildirdi. Qonaq 2012-ci ildə başlanacaq bu layihənin həyata keçirilməsində bir necə dövlət qurumun o,  cümlədən Səhiyyə Nazirliyinin xüsusi dəstəyinə ehtiyac olduğunu dedi.

 

Oqtay Şirəliyev Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə itkin və əsir düşmüş azərbaycanlıların axtarılması üçün Səhiyyə Nazirliyindən tələb olunacaq hər bir dəstəyi göstərməyə hazır olduğunu vurğuladı.

 

Layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq Komitə tərəfindən Tədbirlər Planı işlənib hazırlanacaq və hökumətə təqdim olunacaq.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı 

25/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013