Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işləri başa çatdı

Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS) ölkədə vaxtaşırı keçirilməsi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlərin davam etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, habelə bununla bağlı BMT-nin qəbul etdiyi Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün zəruri şərtlərdən biridir.

 

Milli səviyyədə keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu əhali, ev təsərrüfatlarının xüsusiyyətləri, ailə planlaşdırılması, ana və uşağın sağlamlığı, reproduktiv sağlamlıq, QİÇS və digər cinsi yolla keçən xəstəliklər, qidalanma və təhsil haqqında məlumatla təmin edir. 1984-cü ildən dünyanın 85 ölkəsində 240-dan artıq DSS həyata keçirilib.

 

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın Tədbirlər Planına (2008-2010-cu illər) əsaslanaraq və BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn, xüsusilə də beş yaşadək uşaq ölümünün azaldılması üzrə vəzifələri nəzərə alaraq 2011-ci ildə həyata keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və təhlili üçün zəruri məlumatların toplanılması məqsədini daşıyır.

 

2011-ci ildə Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS-2011) Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 

Səhiyyə Nazirliyinin 8 sentyabr 2010-cu il tarixli 70 nömrəli əmrilə DSS-2011-in keçirilməsi məqsədilə tədbirlərin əlaqələndirilməsi və icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə olunub.

 

Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS-2011) keçirilməsi ilə əlaqədar təşkilatlararası işçi qrup yaradılmışdır. İşçi qrupa Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Miqrasiya Xidmətinin təmsilçiləri daxildir. İşçi qrup üzrə 6 görüş keçirilib.

 

Azərbaycanda ilk belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən keçirilib. 2011-ci ildə Azərbaycanda keçirilən DSS 2006-cı ildə istifadə olunmuş metodologiyaya əsaslanıb. Bu da sorğunun nəticələrinin keçmiş rəqəmlərlə müqayisəsinin aparılmasına zəmin yaradıb.

 

Sorğunun əhatə etdiyi iqtisadi regionlara Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ, Dağlıq Şirvan daxildir. Ümumilikdə isə bu sorğu 9 iqtisadi region üzrə 68 rayonda aparılıb. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib və son seçməyə 7704 ev təsərrüfatı düşüb.

 

DSS-2011-in keçirilməsi üzrə seçmə 2009-cu ildə Azərbaycan Respublikasında aparılmış əhalinin siyahıyaalınması əsasında Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilib.

 

Sorğu aləti kimi Ev Təsərrüfatının Sorğu Vərəqəsi və Qadın Sorğu Vərəqəsindən istifadə edilib. Bu vərəqələr iki dildə - Azərbaycan və rus dillərində çap edilib. Ev Təsərrüfatının Sorğu Vərəqəsinə Ev təsərrüfatının xarakteristikası, 0-5 yaşlı uşaqlarda və 15-49 yaşlı qadınlarda boy, çəki və hemoqlobinin səviyyəsinin ölçülməsi daxildir. Qadın Sorğu Vərəqəsində isə sosial-demoqrafik xüsusiyyətlər, nəsilartırma qabiliyyəti, kontrasepsiya, hamiləlik, doğuşdan sonrakı qulluq, uşağın immunizasiyası və sağlamlığı, uşağın və qadının qidalanması, ailə vəziyyəti, uşaq doğulmasına üstünlük verilməsi, ər haqqında əsas məlumat, qadınların məşğulluq fəaliyyəti, QİÇS və cinsi yolla keçən digər xəstəliklər, sağlamlıq barədə digər suallar əks olunub.

 

Sorğu vərəqələri 2011-ci ilin mayında sınaqdan keçirilib. Sorğu vərəqələri, intervüyerlər, supervayzerlər, laborantlar üçün təlimat, sorğu vərəqələri üzrə komandada işləmək və ünsiyyət qurmaq bacarıqları nəzərə alınaraq, intervüyerlər üçün testlər və psixoloji testlər hazırlanıb.

 

Sorğunun keçirilməsi üçün İSİM-də intervüyerlərə 2011-ci ilin iyulunda təlim keçirilib. Bu təlimdə intervüyerlər ünsiyyət qurmaq və komandada işləmək, sorğu vərəqələrindən düzgün istifadə etmək, qan təzyiqini ölçmək, qan analizini aparmaq və s. bacarıqlara yiyələniblər.

 

Pilot Sorğunun 72 intervüyeri elan verildikdən sonra müraciət etmiş namizədlər sırasından müsahibə yolu ilə seçilib. Bir neçə testin nəticəsinə və təlim zamanı özünü göstərmə bacarığına əsaslanaraq, 72 nəfərdən 60 nəfər sorğuda iştirak üçün seçilib. İntervüyerlər üçün təlimi DSS-2006-nın təlimçiləri aparıblar.

 

Sorğu respublika üzrə müəyyən olunmuş 10 marşrut üzrə aparılıb. Hər bir marşrut üzrə komandalar əvvəlcədən müəyyən olunmuş rayon, kənd, klaster və ev təsərrüfatları haqqında məlumatla təmin olunublar. Həmçinin üzərində DSS-2011 və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin loqosu əks olunmuş uniforma, əhalinin maarifləndirilməsi məqsədilə DSS-2011 və Anemiya haqqında bukletlər və qanazlığı olan respondentlər üçün xüsusi bildiriş formaları ilə təmin olunublar. Eləcə də sorğunun keçirilməsi üçün əldə edilmiş avadanlıqla (tonometr, tərəzi, qan analizi aparmaq üçün Hemokyü, boyölçən, antiseptik tibbi ləvazimat) təmin ediliblər.

 

DSS-2006-nın təcrübəsi nəzərə alınaraq, əhalinin sorğuda iştirakı üçün əlavə tədbirlərin görülməsi məqsədilə, Bakı üzrə əhatə olunan rayonlarda mənzil-kommunal təsərrüfatları birliklərinə baş çəkilərək siyahı üzrə respondentlər, mənzil-kommunal təsərrüfatları həmin ərazidə keçiriləcək sorğu haqqında məlumatlandırılıb və respondentlərin sorğuya cəlb edilməsində dəstək təmin edilib.

Sorğu keçirilən zaman keyfiyyət koordinatoru və sahə koordinatoru tərəfindən mütəmadi olaraq, monitorinqlər keçirilib. Təlim və sahə işlərinin planı hazırlanıb və daha sonra yerlərdə nəzərəçarpan anlaşılmazlıqlara və nöqsanlara aydınlıq gətirilib.

 

Sorğunun səyyar işləri avqustun 1-dən oktyabrın 24-nə kimi aparılıb.

 

Kompüter operatorları məlumatları elektron bazaya daxil ediblər.

 

Azərbaycan Respublikasında bu il keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu ilə bağlı mütəmadi olaraq, kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumatlar və müsahibələr çatdırılıb.

Statistik təhlilin nəticələri və son hesabat 2012-ci ilin sonuna kimi təqdim olunacaq.

26/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013