Ölkənin bir sıra mətbu orqanı dünya əhalisinin sayının 7 milyarda çatması ilə əlaqədar BMT-nin Əhali Fondu “Dünya əhalisinin durumu-2011” (“State of world population-2011”) adlı hesabatını yayımlayıb. Planet əhalisinin əsas inkişaf tendensiyalarını əhatə edən hesabatda insanların sağlamlığı, təhsili, ömür uzunluğu və həyat keyfiyyətinə birbaşa təsir edən cəhətlər əks olunub.
Hesabatda Azərbaycana dair heç bir mənbəyə əsaslanmayan bəzi yanlış məlumatlar öz əksini tapmışdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Statistika Komitəsi ana və uşaq ölümünə dair göstəriciləri illər üzrə dəqiqliyi ilə hesablanmışdır. Həmin göstəricilər eyni zamanda ÜST tərəfindən qəbul olunmuşdur və hesabatlarında əks olunmuşdur.
Məlumat üçün qeyd edək ki, Respublikanın iqtisadi potensialı artdıqca, səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün geniş imkanlar yaranmış və son zamanlar Respublika rəhbərliyinin yüksək siyasi dəstəyi ilə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla, keyfiyyətli dərman vasitələri ilə təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
Respublika əhalisinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət Proqramlarının müstəsna rolu olmuşdur.
Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq səhiyyə proqramları dövlət tərəfindən maliyyələşdirilməyə başladı.
Bu proqramların icrasına bu günə kimi 200 milyon manatdan artıq büdcə vəsaiti sərf olunmuşdur.
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər BMT-nin Uşaq Hüquqları Konvensiyasına və “Minilliyin İnkişaf Məqsədləri”nə uyğun olaraq uğurla davam etdirilir.
2005-ci ilin dekabrında Azərbaycan Dövləti və Səhiyyə Nazirliyi çox vacib və prioritet istiqamət kimi üçüncü Minilliyin məqsədləri sırasında uşaq və ana ölümünün 1990-cı illə müqayisədə 2015-ci ilədək 3 dəfədən çox azaldılması haqqında Beynəlxalq proqrama qoşulmuş və bununla əlaqədar davamlı, ardıcıl və silsilə tədbirlər bu gün də uğurla həyata keçirilir.
Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 6-sı (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba, Sabirabad) artıq fəaliyyət göstərir.
Son illərdə respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində səhiyyənin bir çox sahələrində olduğu kimi, ana və uşaqların sağlamlığının qorunması işində də uğurlarımız göz qabağındadır. Əgər 1993-cü ildə respublikada 0-1 yaşadək körpə ölümü hər min diri doğulana 28,2‰ təşkil edirdisə, son iki ildə bu göstərici 11‰-ə enmişdir. 0-5 yaşadək uşaq ölümü 1993-cü illə müqayisədə hər min diri doğulana 44,4‰-dən 4,3‰-dək azalmışdır.
Ana ölümü əmsalı 1993-cü illə müqayisədə hər 100 min diridoğulana 34,4-dən 2010-cu ildə 15,7-dək azalmışdır.
Əhalinin maarifləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində evdə doğuşlar əhəmiyyətli dərəcədə azalmışdır; 2010-cu ilin statistikasına görə bu göstərici ümumi doğuşların 2,3%-ni təşkil edir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı