Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ağdaş Mərkəzi Rayon xəstəxanasının açılışı olmuşdur

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda mərkəzi rayon xəstəxanasının açılışında iştirak etmişdir.


Dövlətimizin başçısına məlumat verilmişdir  ki, xəstəxana binasının tikintisində qabaqcıl təcrübə və müasir texnologiyalardan geniş istifadə olunmuşdur.


Qeyd olunmuşdur ki, Səhiyyə Nazirliyinin sifarişi əsasında inşa edilən xəstəxana binasının təməli ötən il fevralın 12-də Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri zamanı qoyulmuşdur. 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.


Müasirliyi ilə seçilən poliklinika şöbəsi ən müasir avadanlıqla təchiz olunmuşdur. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılmışdır. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu mümkündür. Hemodializ prosedurunun yerinə yetirilməsi zamanı xəstələr televizorda verilişlərə baxa, onlar üçün yaradılan hərtərəfli şəraitdən istifadə edə biləcəklər. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılmışdır. Xəstəxanada əməliyyat, müayinə və müalicə otaqları müasir tərtibatı və xüsusi dizaynı ilə seçilir.


Ölkə başçısına Diaqnostika şöbəsi ilə tanışlıq zamanı məlumat verilmişdir ki, burada yaradılmış hərtərəfli şərait müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan verir. Diqqəti cəlb edən məqamlardan biri buradakı bütün müasir avadanlığın yerli mütəxəssislər tərəfindən quraşdırılmasıdır. Bu iş yüksək peşəkarlıqla yerinə yetirilmişdir.


Xəstəxanadakı kompüter-tomoqrafiya və digər cihazlar mükəmməlliyi ilə seçilir. Kompüter-tomoqrafiya avadanlığı rentgen diaqnostikasının bütün funksiyalarını yerinə yetirir. Orqanizmdə dəyişikliklərin aşkara çıxarılması üçün tətbiq edilən bu cihaz elmin ən son yeniliklərinə əsaslanır.


Prezident İlham Əliyev xəstəxananın ikinci mərtəbəsindəki əməliyyat blokunda yaradılmış şəraitlə tanış olmuşdur. Ölkə başçısına məlumat verilmişdir ki, burada bütün əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə olunur. Bu müasir qurğu vasitəsilə otağın işıqlandırılması, avadanlığın idarə olunması, blokun havalandırılması, xəstənin hərarətinə nəzarəti və digər əməliyyatları yerinə yetirmək mümkündür.


Reanimasiya şöbəsində eyni vaxtda 7 xəstə yerləşdirilə bilər. Buradakı mükəmməl avadanlıq tibbi heyətin xəstələrin eyni vaxtda kardioqramının aparılmasına, neinvazif təzyiqə, temperatura, nəbzin sayına, tənəffüsün tezliyinə nəzarət edilməsinə hərtərəfli imkan yaradır. Həmin avadanlıq əldə edilən informasiyaların uzun müddət saxlanmasına imkan verir. Bütün məlumatlar mərkəzləşmiş qaydada reanimasiyadakı serverə ötürülür.

 

Palatalardakı şərait dünyanın inkişaf etmiş ölkələrinin müalicə müəssisələrindən geri qalmır. Burada da ilin bütün fəsilləri nəzərə alınmaqla xəstələrin hərtərəfli rahatlığı üçün şərait yaradılmışdır. Tibb ocağında stasionarda eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Təcili tibbi yardım şöbəsi də hər cür avadanlıqla təmin edilmişdir. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri şərait yaradılmışdır.

 

Xəstəxananın müasirliyi ilə seçilən akt zalı da vardır.


Səhiyyə ocağında yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşmüşdür.

***************************************************

 

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ucar Uşaq Xəstəxanasının açılışında iştirak etmişdir

 

 

30.10.2011-ci il tarixində  Prezident İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının əsaslı yenidənqurmasından sonra açılışında iştirak etmişdir.

 

44 çarpayılıq uşaq xəstəxanasında 90 nəfərədək tibbi heyətin çalışacağı nəzərdə tutulmuşdur. Xəstəxananın birinci mərtəbəsində yerləşən 40 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Xəstəxanaya müraciət edən xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün burada ayrıca poliklinika da var.  


Xəstəxananın ikinci mərtəbəsində 10 çarpayılıq cərrahiyyə şöbəsi, bir, iki və üç nəfərlik palatalar və bir əməliyyat otağı, üçüncü mərtəbədə isə 4 çarpayılıq reanimasiya və 20 çarpayılıq pediatriya şöbələri fəaliyyət göstərəcəkdir. Xəstəxana müasir standartlara cavab verən müayinə və müalicə avadanlığı ilə təchiz olunmuşdur.

 

Ucar mərkəzi rayon xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilmiş poliklinikasında ikimərtəbəli poliklinika binası hazırda inşası davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının bir hissəsi olmaqla tam şəkildə yenidən qurulmuşdur. Birinci mərtəbədə laboratoriya, ginekologiya, dəri-zöhrəvi kabinələri, həkim otaqları vardır. Poliklinikada sarğı otağı, fizioterapiya, ultrasəs müayinəsi, rentgen, laboratoriya, elektrokardioqrafiya, elektroensofoloqrafiya, stomatologiya və oftalmologiya kabinələri də fəaliyyət göstərir.

31/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013