Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin oktyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 45 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunmuş, 19 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 28 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 643, mikrobioloji göstəricilərinə görə 565, toksikoloji göstəricilərinə görə 71, radioloji göstəricilərinə görə 30 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji, 4-də toksikoloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunmuşdur.
Şadlıq evlərindən 2093 yaxma, 31 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 54-də mikrobioloji çirklənmə aşkar edilmişdir.
Oktyabr ayı ərzində əhali arasında 48 qida zəhərlənməsi hadisəsi baş vermiş, 51 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 4 nəfər zərərçəkən olmuşdur, 1 nəfər vəfat etmişdir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı
16/11/2011