Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəkidə yeni Mərkəzi Xəstəxana istifadəyə verilmişdir

Şəkidə yeni Mərkəzi Xəstəxana istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezident İlham Əliyev iştirak etmişdir. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat vermişdir ki,  100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Xəstəxananın təməli 2008-ci ilin sentyabrında Azərbaycan Prezidentinin iştirakı ilə qoyulmuşdur.


Əsas bina altı korpusdan ibarətdir. Birinci və ikinci korpuslar üçmərtəbəli, üçüncü və dördüncü korpuslar ikimərtəbəli, digər iki korpus isə birmərtəbəlidir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir.


Təcili tibbi yardım şöbəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilmişdir ki, burada reanimasiya və kiçik əməliyyat bloku vardır.


Qeyd olunmuşdur ki, xəstəxanada 300-dək tibbi heyət əhalinin sağlamlığının keşiyində duracaqdır. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompyuter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılmışdır. Xəstəxanada, həmçinin müasir 4D ultrasəslə müayinə aparatı qoyulmuşdur. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin istehsalıdır.


Bildirildi ki, tibb ocağında cərrahiyyə blokları ən son tibbi avadanlıqla təmin edilmişdir. Bloklarda ilk dəfə olaraq Azərbaycan dilində xüsusi sensorlu monitorlar quraşdırılmışdır. Bu monitorlar vasitəsilə cərrahiyyə bloklarında işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən nəzarət edilir. Bundan başqa, blokların divarları da xüsusi istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da dünyanın ən aparıcı ölkələrinin tibb ocaqlarında istifadə edilir. Xəstəxanada hər cür şəraitlə təchiz edilmiş konfrans zalı da fəaliyyət göstərir.


Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına inşa olunan xəstəxananın dörd hektarlıq həyətyanı sahəsində avtodayanacaqlar, su hovuzları, içməli və çirkab su anbarları, nasosxana, transformator yarımstansiyası, qazanxana tikilmişdir. Xəstəxananın həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.


Tibb ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşmüş və tibb işçilərini, ictimaiyyətin nümayəndələrini təbrik etmişdir.

18/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013