Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2011-ci ilin 11 ayı ərzində 118 aptekə baxış keçirilmişdir

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2011-ci ilin 11 ayı ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana və Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən təkrar reydlər keçirilmişdir.

 

Ümumilikdə respublika üzrə 118 aptekə baxış keçirilmişdir, bunlardan 37 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 67 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 14 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanmışdır.

 

Bunlardan 31 aptekdə aparılan baxışlar nəzarət xarakterli olduğundan yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən aparılmış, digər apteklərdə isə pasportlaşma aparılmışdır.

 

Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilmişdir.

 

Həmçinin keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1210 seriya (6040 qutu), istifadə müddəti bitmiş 14 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilmişdir.

Mərkəzin Analitik Ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 24264 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılmışdır.

 

Səhiyyə Nazirliyinin qaynar xətt telefonu vasitəsilə Mərkəzə 93 sayda müraciət daxil olmuşdur. Bunlardan apteklərdən alınan dərman vasitələrinin seriyalarının yoxlanması məqsədilə olunan müraciətlər çoxluq təşkil etmiş, şikayətlərlə bağlı müvafiq tədbirlər görülmüşdür.

 

Keçən müddət ərzində 762 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının Dövlət Reyestrinə salınmışdır. Hal-hazırda Azərbaycan Respublikasının Dövlət Reyestrində 3652 adda dərman vasitəsi vardır ki, bunların da ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilmişdir.

5/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013