Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Aşura günü”ndə könüllü qanvermə aksiyaları keçirildi

Hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirildi. Bu gün Respublika üzrə 3409 nəfər könüllü olaraq qan vermişdir və ümumilikdə 1363,6 litr qan tədarük olunmuşdur. Donorlardan 2329 nəfər və 931,6 litr tədarük olunan qan Bakı şəhərinin, 1080 nəfər və 432 litr tədarük olunan qan isə bölgələrin payına düşür.

 

Qeyd edək ki, hər il “Aşura” günündə qan vermək istəyən həmvətənlərimizin sayı daha da artır. Belə ki, 2010-cu ildə 2210 nəfər könüllü qan vermiş və 884 litr qan tədarük olunmuşdur.

 

Xatırladaq ki, aksiyalar Bakı şəhərində Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında, «Təzə pir», “Bibi-Heybət”, «Mir-Mövsüm ağa», «Qaraçuxur», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər cümə məscidində təşkil olunub və günün sonuna kimi davam edəcək.

 

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

6/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013