Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən oktyabr ayında aparılan yoxlamaların nəticəsi

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin oktyabr ayı ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 912, mikrobioloji göstəricilərinə görə 738, toksikoloji göstəricilərinə görə 145, radioloji göstəricilərinə görə isə 26 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 16-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən götürülmüş 3409 yaxma nümunəsinin 67-də, 176 soyuq qəlyanaltı nümunəsinin 2-də mikrobioloji çirklənmə aşkar edilmişdir. Yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 94 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 26 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 26 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Oktyabr ayı ərzində əhali arasında 51 qida zəhərlənməsi hadisəsi baş vermiş, 93 nəfər zərərçəkən olmuşdur. O cümlədən 4 botulizm hadisəsi baş vermiş, 10 nəfər zərərçəkən olmuşdur. Baş vermiş botulizm hadisələri məişət şəraitində hazırlanmış xiyar turşusunun qəbulu nəticəsində baş vermiş, 2 nəfər vəfat etmişdir.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

30/11/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013