Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

GEM tərəfindən aparılan yoxlamalar zamanı bir sıra obyektlərdə sanitariya sahəsində nöqsanlar aşkar edilmişdir

22-24 noyabr 2010-cu il tarixlərində Yasamal rayonu H.Cavid 56, Şərifzadə küçəsi 100 üanvanda və Ə.Ələkbərov küçəsi 1054-cü məhəllədə yerləşən «Lider-AS» MMC-yə məxsus marketlərdə sanitariya müayinəsi aparılmış və sanitariya sahəsində bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, marketlərdə gigiyenik sertifikatı olmayan qablaşdırılmış meşə bildirçini, krab, «Boğaziçi» firmasının istehsalı olan paxlava, düşbərə və blinçik, əriştə, xəngəl yarımfabrikatları, «Vinni» nişanlı içməli su, Almaniyanın istehsalı olan meyvəli piroq və baton çörəklər, «Rəşad-R» firmasının istehsalı olan çovdar çörəyi, İtaliya istehsalı olan qablaşdırılmış əriştə, spagetti, «F.M. Fresh» nişanlı qaymaq, xama, kəsmik, şüşə bankalarda «Mikado» göbələk turşusu, marinada qoyulmuş şampinyon göbələyi, saxlanma müddəti normativ texniki sənədlərdə (AZS) yol verilən müddətdən süni şəkildə artırılmış «ADS» firmasının istehsalı olan xama, «M&P» firmasının istehsalı olan camış qatığı, «SAB» firmasının istehsalı olan Gəncə dovğası, «Sevimli dad» nişanlı ayran, «Borodinski» nişanlı çörək, «Bərdə» nişanlı qaymaqlı qatığı, «Bərdə qatığı», «İvanovka dovğası», «Uzun ömür» qatığı, «Pal süd» çiyələkli və bananlı süd, «Halal Qida» firmasının istehsalı olan «Şəhur yeməyi» sosiskası, «Hacı Turqay» firmasının istehsalı olan bişmiş kolbasa, «Şan süd» firmasının istehsalı olan meyvəli şirin kəsmiklər, «Nurgün Bəyaz» nişanlı yağsız kəsmik, «Bəyaz süd» nişanlı ayran və dovğa, üzərində istehsal tarixi qeyd edilməyən «Bella pan» nişanlı çörək,«Atra» firmasının istehsalı olan xama, eyni zamanda üzərində istehsalçı müəssisənin adı, ünvanı, əlaqə nömrəsi qeyd edilməyən 3 növ təndir çörəyi, «Dağlı» çörəyi, «Pita» nişanlı çörək, şaurma lavaşı, Gəncə lavaşı, düşbərə, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan «AZZA» MMC-yə məxsus biskvitli, kremli və karamelli tortlar, «CF Kristal» nişanlı istifadəyə yararsız krakovskaya kolbasası aşkar olunmuş və satışdan çıxarılmışdır.

 

Göstərilənləri nəzərə alaraq sanitariya sahəsində yol verilmiş nöqsanlarla əlaqədar «Lider AS» MMC inzibati qaydada cərimə edilmişdir. Yuxarıda göstərilən satışdan çıxarılmış məhsulların zərərsizləşdirilməsi barədə Yasamal rayon GEM-nnin rəhbərliyinə müvafiq göstəriş verilmiş, eyni zamanda ərzaq məhsullarının yararlılıq müddəti ilə əlaqədar normativ texniki sənədlərin tələblərinin pozulmasının qarşısını almaq istiqamətində tədbirlər davam etdirilir.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

1/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013