Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 36 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunmuş, 19 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 27 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 885, mikrobioloji göstəricilərinə görə 774, toksikoloji göstəricilərinə görə 192, radioloji göstəricilərinə görə 41 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 9-da orqanoleptik və fiziki-kimyəvi, 18-də mikrobioloji, 4-də toksikoloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evləri və ictimai iaşə müəssisələrindən 3960 yaxma, 140 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 79-da mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Noyabr ayı ərzində əhali arasında 46 qida zəhərlənməsi hadisəsi baş vermiş, 59 nəfər zərərçəkən olmuşdur. O cümlədən 1 botulizm hadisəsi baş vermiş, 1 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

27/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013