Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Uşaq Nevroloji Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur

Dekabrın 27-də Bakıdakı Uşaq Nevroloji Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxanada yaradılmış şəraitlə tanış olmuşlar.

 

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına və xanımına xəstəxana ilə bağlı məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk dəfə 1969-cu ildə uşaq nevroloji kursları açılmışdır. Sonradan həmin kurslar əsasında 150 çarpayılıq xəstəxana yaradılmışdır. 1980-ci ildə isə Əməkdar Elm Xadimi, professor Törə Qədirovanın təşəbbüsü və ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Uşaq Nevroloji Xəstəxanası üçün 300 çarpayılıq yeni bina tikilmişdir. Xəstəxananın açılış mərasimində ulu öndər Heydər Əliyev iştirak etmişdir.

 

Məlumat verildi ki, SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda istifadəyə verilən Uşaq Nevroloji Xəstəxanasında ötən müddətdə bir neçə dəfə təmir işləri aparılsa da, son dövrlərdə bina yararsız vəziyyətə düşmüşdü. Ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsinə dair Dövlət proqramlarına uyğun olaraq xəstəxananın altımərtəbəli binasında bu ilin fevralında başlanılmış əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə yerinə yetirilmişdir.

 

Dövlətimizin başçısı və xanımı xəstəxananın birinci mərtəbəsindəki kompyuter tomoqrafiyası kabineti ilə tanış oldular. Bildirildi ki, burada quraşdırılan müasir avadanlıq tez və dəqiq diaqnoz qoymağa imkan verəcəkdir. Birinci mərtəbədə, həmçinin intensiv terapiya palatası, ultrasəs müayinəsi, exokardioqramma, qanalma otaqları, oftalmologiya, elektroensefaloqrafiya - beyin rentgeni kabineti və laboratoriyalar fəaliyyət göstərir.

 

Altıncı mərtəbədəki müalicə-bərpa şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, burada ayrıca müalicə-bədən tərbiyəsi salonu yaradılmışdır. Xəstəxanada həmçinin psixoloq otağı, tibb bacısı kabineti, müayinə otaqları və inzibati otaqlar, eləcə də müxtəlif tədbirlərin keçirilməsi üçün 60 nəfərlik akt zalı vardır. Masaj və fizioterapiya kabinetlərindəki avadanlıq da ən son texnologiyalara uyğundur.

Sonra dövlətimizin başçısı və xanımı ikinci mərtəbədəki intensiv terapiya şöbəsində yaradılan şəraitlə maraqlandılar. Bildirildi ki, burada əsasən ağır xəstəliklərin müalicəsi üçün müasir kardiomonitor, süni tənəffüs aparatı, defibrillyator və sair avadanlıq quraşdırılmışdır.

 

Qeyd olundu ki, tibb ocağının üçüncü mərtəbəsində ümumi nevroloji, dördüncü mərtəbədə isə neyroneatoloji - yeni doğulan uşaqların patologiyası şöbəsi yerləşir. Xəstəxanada gündüz stasionar şöbəsi də fəaliyyət göstərəcəkdir.

 

Bütün otaqlar və palatalar uşaqların zövqünə uyğun tərtib olunmuşdur. Balacaların müayinəsi və müalicəsi zamanı onların əyləncəsi, rahat qidalanmaları da nəzərə alınmışdır. Nevroloji qüsurları olan uşaqların müayinəsi və müalicəsi burada yüksək səviyyədə həyata keçiriləcəkdir.

 

Vurğulandı ki, 80 çarpayılıq bu müasir tibb ocağında xəstələrə 65-i həkim olmaqla 250-dən çox tibbi heyət xidmət göstərəcəkdir.

 

Xəstəxanada yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

28/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013