Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Diaqnostika Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur

Dekabrın 27-də Respublika Diaqnostika Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

 

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, Respublika Diaqnostika Mərkəzi dünyada mövcud ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunmuşdur. Burada ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen və azot qazları sistemi yaradılmışdır ki, bunun köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Mərkəzdə endoskopik diaqnostika şöbəsi, həmçinin cərrahiyyə və reanimasiya şöbələri yaradılmışdır. Cərrahiyyə şöbəsində alman texnologiyası ilə “ağıllı” əməliyyat otağı quraşdırılmış, onun sistem və proqram təminatı da Almaniyadan idxal olunmuşdur. Cərrahiyyə otaqlarının hamısı LED lampaları ilə işıqlandırılıb. Burada quraşdırılmış videokameralarla telemetriya məqsədilə videoçəkiliş aparılır ki, bu da əməliyyat gedərkən ona on-layn rejimdə xaricdə baxmağa və xarici mütəxəssislərlə məsləhətləşmələr keçirməyə imkan verir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Burada müasir laparoskopik cihazların quraşdırıldığı endoskopik cərrahiyyə otağı da fəaliyyət göstərir. Reanimasiya şöbəsi isə mərkəzləşmiş monitor sistemi ilə təchiz edilibdir. Bu şöbədə xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları, defibrilyatorlar və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da vardır.

 

Mərkəzin mama-ginekoloji şöbəsində iki doğuş zalı, bir cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Buradakı doğuş otaqlarından birində Azərbaycanda ilk dəfə xüsusi suda doğuş vannası quraşdırılıb. Neonatoloji bölmə ən son texnoloji cihazlarla təchiz edilib. Mərkəzin stasionar şöbəsində 70-ə yaxın birnəfərlik palata yaradılıb.

 

İkinci mərtəbədə poliklinika yerləşir. Burada LOR otağında və audiokabinetdə eşitmə problemləri olan insanlara yüksək səviyyəli tibbi xidmət göstəriləcəkdir. Kardiologiya şöbəsi, nevrologiya və oftalmologiya kabinetləri də müasir tibbi avadanlıqla təchiz edilibdir. Poliklinika şöbəsində son diaqnostik aparatlarla təmin olunmuş ümumi terapevtik, endokrinoloji, uroloji, ginekoloji, pediatrik, cərrahi kabinetlər fəaliyyət göstərir. Mərkəzin radiologiya şöbəsində quraşdırılan 256 kəsikli nadir kompyuter tomoqrafiya cihazı postsovet məkanında ikinci, Cənubi Qafqazda isə ilk və yeganə belə aparatdır. Radiologiya şöbəsində, həmçinin çox yüksək texnologiyalı və müasir proqram təminatlı maqnit rezonans tomoqrafı da fəaliyyət göstərəcəkdir. Nadir rentgenoqrafiya aparatı ilə bütün onurğa sütünunu birdəfəyə müayinə edib qrafik çəkilişini almaq mümkündür. 4D ölçülü son model ultrasəs müayinə aparatı ölkədə bənzəri olmayan yüksək proqram təchizatı ilə təmin edilib.

 

Bununla yanaşı, mərkəzin hər iki binasını birləşdirən vakuum poçt sistemi də yaradılıb, bütün şöbələr arasında təcili analiz və sənəd daşımaları onun vasitəsilə aparılır. Burada, həmçinin Almaniya istehsalı olan mərkəzi sterilləşdirmə sistemi də quraşdırılıbdır. Mərkəzin ikinci korpusunda Azərbaycanda ilk və yeganə tam avtomatlaşdırılmış laboratoriya yerləşir. Laboratoriyada ümumi klinik, bakterioloji, PSR analizlər aparılır. Buradakı genetik laboratoriyada dölün prenatal müayinəsi həyata keçirilir ki, bu da irsi xəstəliklərin profilaktikası məqsədi ilə tibbi genetik məsləhətlər üçün önəmlidir.

 

Mərkəzin hər mərtəbəsində həm tibbi heyət, həm də xəstələr üçün iki yeməkxana otağı da istifadəyə verilmişdir. Səhiyyə ocağında müxtəlif tədbirlər keçirmək üçün böyük konfrans zalı da vardır.

 

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

28/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013