Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir

Bu gün Səhiyyə Nazirliyində 2011-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. İlk olaraq iclası giriş sözü ilə acan nazir Oqtay Şirəliyev il ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında qısaca məlumat verdi.

 

Daha sonra ilin yekunlarına həsr olunmuş əsas məruzəçi qismində çıxış etmək üçün söz Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayevaya verildi.

 

Z. Mustafayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi kimi 2011-ci ildə iqtisadiyyat və sosial sferanın bütün sahələri kimi səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirildiyini bildirdi. Son illərdə əldə edilmiş dinamik inkişaf tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün güclü zəmin yaratdığını bildirən aparat rəhbəri son 10 illə müqayisədə, 2011-ci ildə doğum göstəricisinin əhalinin hər 1000 nəfərə 13,7-dən 19,3-ə qalxmasını, ölüm hallarının isə həmin illərdə 6,2-dən 5,8-ə düşməsini bildirdi. Qeyd olundu ki, təbii artım 8,1-dən 13,5-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Ömür uzunluğu da 71,9 yaşdan 73,6 yaşadək artmışdır.

 

Z. Mustafayeva, ildən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılmasının və 2001-ci illə müqayisədə 2011-ci ildə bu vəsaitin təxminən 12 dəfə artdığını bildirdi. Bu da səhiyyə müəssisələrində çoxsaylı təmir və tikinti işlərinin aparılmasına və müasir səviyyədə təchizatına imkan vermişdir. Yalnız son 5 ildə 400-dən artıq tibb müəssisəsi yeniləşərək istifadəyə verilmişdir. Bunların əksəriyyətinin həm təməlqoyma mərasimində, həm də açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak etmişdir.

 

Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşmışdır.

 

Bu ildən stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılmışdır.

 

Cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayının da xeyli artmasına baxmayaraq, əməliyyatlardan sonra ölüm hallarının sayı 2 dəfə azalmışdır.

Z.Mustafayeva əsaslı təmir və yenidənqurma işlərindən sonra Elmi Cərrahiyyə Mərkəzində bu ildən açıq ürək əməliyyatlarının icrasına başlanıldığı və 300-dən artıq əməliyyat həyata keçirildiyini, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrəkköçürmə əməliyyatların icrasına başlandığını vurğuladı.

 

Dövlət proqramlarının icrasından danışan aparat rəhbəri Şəkərli diabet xəstələrinin aşkar edilməsi işiin yaxşılaşması, qeydiyyata götürülən xəstələrin sayının 2 dəfədən çox artmasını və hazırda 150 mini keçdiyini bildirdi. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən əziyyət çəkən xəstələrin ölüm göstəricisi də enmişdir.

 

Onkoloji xəstəliklərin aşkarlanması və onlara göstərilən tibbi yardımın səviyyəsi də yaxşılaşmış, bu xəstəlikdən ölüm hallarının sayı azalmışdır.

 

Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il Respublikanın bölgələrində yeni dializ mərkəzləri açılır.

 

Hazırda respublikamızda 24 mərkəzdə 1800-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.

 

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir.

 

Yeddi perinatal mərkəzinin yaradılması, yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə olan xüsusi qayğının nümunəsidir.

 

Bu gün Azərbaycanda, uşaqların yoluxucu xəstəlikdən qorunması üçün, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. O cümlədən, bu ildən etibarən körpələrimiz daha bir qorxulu infeksiyaya-Hemofilus B infeksiyasına qarşı planlı peyvəndə cəlb olunmuşlar.

 

Nəticədə nəinki idarəolunan, eləcə də bir çox digər infeksiyaların profilaktikası üzrə nəzərəçarpan nailiyyətlər qazanılmışdır ki, bu da respublikada epidemioloji sabitliyi təmin etmişdir.

Uşaq və yeniyetmələr arasında dispanserizasiyanın aparılması məqsədilə onların sağlamlığı barədə məlumatların “Vətəndaşların Elektron Sağlamlıq kartı Sistemi”nə daxil edilməsi istiqamətində işlər həyata keçirilir.

 

Yuxarıda sadalanan tədbir nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

 

Əgər 2006-cı ildə respublikada körpə ölümü göstəricisi 11,9 promilli idisə, 2011-ci ildə bu rəqəm 10,8-ə bərabər olmuşdur.

 

Ana ölümü əmsalı 2006-cı illə müqayisədə 34,2-dən 2011-ci ildə 15,2-ə enmişdir.

 

Vərəmlə mübarizə işinə xüsusi diqqət yetirilmişdir. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı vərəm xəstələrinin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunmuşdur. Belə ki, ötən illə müqayisədə 2011-ci ildə ilkin xəstələnmə və bu xəstəlikdən ölüm hallarının sayı azalmışdır.

 

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə qan xidmətində çalışan işçilərin maaşları 2 dəfə artırılmışdır.

 

Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyənin inkişafı da nazirliyin diqqət mərkəzində olmuşdur.

 

Hazırda respublika üzrə 463 özəl tibb müəssisəsi və kabineti, eləcə də 914 əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin daimi nəzarətində olmuşdur.

 

Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Nazirlik tərəfindən cari ildə bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

İnkişaf etmiş ölkələrdə olduğu kimi tibb işçilərinin sertifikasiyasına başlanılmışdır.

 

Bu günə kimi 38 ixtisas üzrə 3000-dən artıq həkim sertifikat almışdır.

 

“Təhsil haqqında Qanun”a uyğun olaraq, 2011-ci ildən ilk dəfə olaraq həkimlərin ixtisaslar üzrə hazırlığının rezidentura vasitəsi ilə həyata keçirilməsinə başlanılmışdır.

Bu il 300 həkim rezidenturaya qəbul olunmuşlar.

 

Hesabat ili ərzində 200-dən artıq həkim və orta tibb işçisi xarici ölkələrinin qabaqcıl klinikalarında ixtisasartırma kursları keçmişdir.

 

Bununla yanaşı, həkimlər üçün şüa diaqnostikası, qastroenterologiya, kardiologiya, nefrologiya və s. ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda kurslar təşkil olunmuş və 500-dən artıq həkim öz təcrübi biliklərini artırmışdır.

 

Zəkiyyə xanım bildirdi ki, 2011-ci ildə 15 tibb işçisinə “Əməkdar həkim”, 2 nəfərə – “Əməkdar müəllim” fəxri adları verilmiş, 1 nəfər “Şərəf” ordeni, 16 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişlər. 24 tibb işçisi Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ına layiq görülmüşdür.

 

Ölkələr arasında siyasi və iqtisadi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq əlaqələri də genişlənmişdir.

 

Aparat rəhbəri 2011-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyasının Bakıda keçirilməsi və Azərbaycanın bu qurumun İcraiyyə Komitəsinin üzvü seçilməsi ən əlamətdar hadisələrindən biri kimi qeyd edilə biləcəyini diqqətə çatdırdı və bildirdi ki, bu şübhəsiz ki, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının məntiqi nəticəsidir.

 

Z.Mustafayeva qısa məruzədə səhiyyə sahəsində görülmüş işləri tam əhatə etmək mümkün olmadığını bildirsə də bir şeyi qətiyyətlə demək olduğunu söylədi ki, bu da 2011-ci il səhiyyəmiz üçün uğurlu il olmasıdır. Azərbaycan səhiyyəsi inamlı addımlarla irəliyə doğru gedir.

 

Daha sonra söz Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanova verildi. Ə.Əmiraslanov da 2011-ci ildə tibb elmi sahəsində görülmüş işlər əldə olunmuş nailiyyətlər haqqında danışdı və həkimlərin sertifikasiya prosesi və rezidentura məsələsindəki uğurları xüsusi vurğuladı.

 

Naxçıvan Muxtar Respublikasındakı nailiyyətlər haqqında Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Suleyman Cəfərov məlumat verdi.

 

Daha sonrakı çıxışçılar ən - ənəvi olaraq öz sahələrində 2011-ci il ərzində gördükləri işlər əldə etdikləri nailiyyətlər haqqında kollegiya iştirakçılarına məlumatlar verdilər.

 

İclasın sonunda səhiyyə naziri Oqtay Şirəliyev il ərzində əldə olunmuş nailiyyətlərin hər birinin ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu bildirdi. Sonda nazir O. Şirəliyev bütün səhiyyə ictimaiyyətini qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi” və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik etdi və işlərində yeni-yeni uğurlar və nailiyyətlər arzu etdi.

 

Bununla kollegiya iclasının işi başa çatdı.

 

Səhiyyə nazirliyinin Mətbuat xidmətinin məlumatı 

29/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013