Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-də kredit sistemi ilə təhsil alan tələbələrin imtahanları test üsulu ilə kompüter vasitəsilə aparılır

 

Azərbaycan Tibb Universitetində 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasında kredit sistemi ilə təhsil alan tələbələrin imtahanları test üsulu ilə kompüter vasitəsilə aparılır.

 

Artıq 6 ildir ki, universitetdə təhsil tədricən, ölkənin Boloniya prosesinə qoşulması ilə əlaqədar, kredit sistemi ilə aparılır. İlk olaraq tibbi-biologiya ixtisasında, sonrakı il əczaçılıq və tibbi-profilaktika fakültəsində təhsil bu sistemlə aparılmağa başlanılmışdır. 3 il bundan öncə stomatologiya fakültəsində, 2 il əvvəl isə müalicə-profilaktika, pediatriya, hərbi tibb fakültələrində də təhsil kredit sistemi ilə aparılmağa başlanılmışdır.

 

Bu sistemlə təhsil alan tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilir. Belə ki, tələbələr 50 ball dərsə davamiyyət, ev tapşırıqlarının yerinə yetirilməsi və cari mənimsəmədən toplayır. 50 ball isə imtahan zamanı toplanılır. İmtahan zamanı minimum keçid balı 17-dir. Ümumilikdə müsbət qiymət 51-100 ball hesab olunur: A- 91-100 ball (əla), B – 81-90 ball (çox yaxşı), C – 71-80 ball (yaxşı), D – 61-70 ball (kafi), E – 51-60 ball (qənaətbəxş), F – 0-50 (qeyri-kafi).

 

Cari tədris ilinin qış imtahan sessiyasından başlayaraq kredit sistemi ilə təhsil alan tələbələrdən imtahanlar test üsulu ilə kompüter vasitəsilə qəbul olunur.

 

İmtahanların müasir texnologiya vasitələrinin köməyi ilə qəbulu universitetin Böyük Elmi şurasında müzakirə olunmuş və müvafiq qərar qəbul olunmuşdur. Universitet əməkdaşlarının köməyi ilə ayrı-ayrı fənlər üzrə test suallarının bankı yaradılmışdır. Hər fənn üzrə orta hesabla 300-500 sual test bankına daxil edilmişdir. Qəbul olunmuş qərara əsasən imtahan zamanı tələbələr bir saat ərzində 25 suala cavab verirlər.

 

İmtahanları yüksək səviyyədə təşkil etmək üçün universitetin 5 saylı tədris binasında 2 imtahan kompüter zalı yaradılmışdır. 2 zala ümumilikdə 210 ədəd son model güclü proqram təminatı olan kompüter yerləşdirilmişdir. İmtahanlar gündə 5 növbədə aparılır. Gün ərzində 1050 tələbə ayrı-ayrı fənlər üzrə imtahan verə bilir. Ümumilikdə cari qış sessiyasında 2774 tələbə orta hesabla 8 fəndən kompüter test imtahanından keçəcək.

 

Test bankının yaradılması “Kompüter test mərkəzi”nin əməkdaşları tərəfindən aparılır və onun məxfiliyi təmin olunur. İmtahan qəbul edən şəbəkə qapalıdır, internetə birləşməmişdir, informasiyaların alınması üçün bağlıdır. İmtahanların obyektivlik və aşkarlıq şəraitində keçməsini təşkil etmək məqsədilə kafedra müdirlərindən ibarət xüsusi komissiya yaradılmışdır.

 

İmtahanlara texniki nəzarət qeyri-mütəxəssis gənc müəllimlərdən təşkil olunmuş komissiya və nəzarət kameraları tərəfindən aparılır.

 

Tələbə imtahanın nəticəsini son suala cavab verən zaman artıq bilir.

10/01/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013