Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev türkiyəli qonaqları qəbul edib

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan Türkiyənin nüfuzlu xəstəxanalarının rəhbərlərindən ibarət “Sağlık Turizmi İş Konseyi Yürütmə Kurulu”nun nümayəndələrini qəbul etmişdir. Görüşdə məqsəd ölkələrimiz arasında səhiyyə turizmi və ikitərəfli əlaqələrinin daha da genişləndirilməsini müzakirə etmək olub.

 

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da iştirak edirdi.

 

Qonaqları salamlayan nazir ölkə səhiyyəsinin hazırkı durumundan, əldə olunan nailiyyətlərdən, yeni tikilib yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən tibb müəssisələrindən danışmış, kadr hazırlığı sahəsində görülən işlər haqqında qonaqları məlumatlandırmışdır.

 

Nazir iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də mövcud olan əməkdaşlığın özəl səhiyyə sektorunda da genişləndirilməsinin tərəfdaşı olduğunu bildirdi və bu baxımdan uzun illərin təcrübəsinə malik Türkiyənin nüfuzlu özəl klinikalarından yararlanmağın tərəfdarı olduğunu bildirmişdir.

 

O.Şirəliyev səhiyyə sektorunun inkişafında xüsusi diqqət və önəm verilən kadr hazırlığını daha da inkişaf etdirmək məqsədi ilə hər il azərbaycanlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin dövlət hesabına Türkiyənin nüfuzlu klinikalarında tibbin prioritet sahələri üzrə təkmilləşdirmə kurslarına göndərildiklərini və bu günə kimi də bu prosesin davam etdirildiyini bildirmişdir.

 

Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qonaqlar öz ölkələrində, habelə rəhbərlik etdikləri özəl klinikalarında həkimlərimizlə birgə çalışmaq istədiklərini, təkmilləşmə kursları keçmək istəyən mütəxəssislərimizə isə lazımı yardım və dəstək göstərməyək hazır olduqlarını bildirmişdirlər.

 

Qonaqlar səfər çərçivəsində Azərbaycanın bir sıra tibb müəssisələri ilə tanış olmaq arzularını səsləndirdilər. Təklif nazir Oqtay Şırəliyev tərəfindən müsbət qarşılandı.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

29/02/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013