Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə sahəsində Azərbaycan – Türkiyə əlaqələri inkişaf edir

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda səfərdə olan, Türkiyənin müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət geniş nümayəndə heyətini qəbul edib.

 

Xatırladaq ki, Türkiyənin dövlət orqanlarını təmsil edən 15 nəfərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədi daşıyırdı.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyindəki yüksək səviyyəli görüşdən əvvəl Ambassador mehmanxanasının Konfrans zalında Türkiyəli qonaqlar və Azərbaycan Respublikasının digər qurumlarının iştirak etdiyi müşavirədə “ Azərbaycan Respublikasında səhiyyənin inkişaf istiqamətləri” mövzusunda prezentasiya edilmişdi.

 

Səmimi şəraitdə keçən görüşdə səhiyyə naziri Oqtay Şirəliyev iki ölkə arasında iqtisadi, ticarət və digər sahələrdə olduğu kimi, sosial sahədə, o cümlədən səhiyyə, tibb elmi və tibb təhsili üzrə də əməkdaşlıq əlaqələrinin nümunəvi olduğunu və bunun müstəsna əhəmiyyətini qeyd etdi. Nazir hər iki ölkədə səhiyyə siyasəti və səhiyyə sistemlərinin təkmilləşdirilməsində, habelə geniş miqyaslı səhiyyə islahatlarının həyata keçməsində səhiyyə sahəsində çalışan dövlət qulluqçularının böyük əməyi olduğunu və bu işin nəhayət dərəcədə məsuliyyət tələb etdiyini vurğuladı. Nazir həm də ölkələrimizin rəhbərliyinin dövlət qulluqçularına göstərdiyi diqqət və qayğı haqqında da söz açdı. Ölkə üzrə dövlət qulluğu məsələlərində əldə edilən uğurlardan, bu sahədə şəffaflığın təmin edilməsindən danışdı.

 

Nazir öz nitqində ölkədə bir sıra səhiyyə və sosial problemlərin həlli üçün bütün aidiyyəti hökumət qurumları ilə əməkdaşlığın və məhsuldar işbirliyinin qurulmasının əhəmiyyətini qeyd etdi. Nazir ölkədə səhiyyə problemlərinin həllində tək Səhiyyə Nazirliyinin deyil, bütün dövlət qurumlarının birgə səy göstərdiyini, lazım olan məqamlarda qüvvələrin səfərbər edilərək birləşdirildiyini söylədi.

 

Nazir Türkiyə Səhiyyə Nazirliyi ilə İnfeksion xəstəliklərə qarşı mübarizə, tibbi təhsil, həkimlərin peşə təkmilləşdirilməsi, təcili və təxirəsalınmaz tibbi yardım və digər sahələrdə çevik tədbirlərin həyata keçməsini bir daha bildirdi.

 

Belə ki, Nazir bu yaxın günlərdə - 24 noyabr 2010-cu il tarixdə Azərbaycanlı zəvvarların Məkkədən həcc ziyarətindən qayıdarkən Sivasda ağır yol qəzasında xəsarət alan soydaşlarımıza nüfuzlu klinikalarda yüksək səviyyəli təcili və təxirəsalınmaz yardımın göstərilməsini, yüksək səviyyəli cərrahi əməliyyatlarının aparılmasını qeyd etdi və Türkiyə Səhiyyə Nazirliyinin məsul əməkdaşlarına və bu işdə əməyi olan bütün işçilərə öz təşəkkürünü bildirdi.

 

Türkiyə nümayəndə heyətinin rəhbəri Əli Gülər qardaş ölkələrimiz arasında əlaqələrin qırılmaz tellərlə bağlı olduğunu qeyd etdi, səhiyyə sahəsində əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini söylədi, dövlət qulluğu məsələlərində qarşılıqlı təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğuladı.

2/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013