Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin fevral ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 126 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 24 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 31 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki kimyəvi göstəricilərinə görə 914, mikrobioloji göstəricilərinə görə 769, toksikoloji göstəricilərinə görə 218, radioloji göstəricilərinə görə 54 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdr. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 21-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 2380 yaxma nümunəsi, 11 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 34-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Fevral ayı ərzində əhali arasında 66 qida zəhərlənməsi hadisəsi baş vermiş, 76 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 4 nəfər zərərçəkən olmuşdur.

 

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi 26/11 ünvanda f/ş H.Məmmədova məxsus süd məhsulları istehsalı sexindən götürülmüş qatıq və həmin sexin istehsalı olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Z.Səfərovaya məxsus ərzaq mağazasından götürülmüş xama nümunələrinin laboratoriya müayinələrinin nəticələrinə görə nümunələrin Bağırsaq Çöpləri Qrup Bakteriyaları ilə çirklənməsi aşkar edilmişdir.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

19/03/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013