Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib

Dekabrın 1-də Səhiyyə Nazirliyində ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin fəaliyyətinə həsr olunmuş geniş iclas keçirilib.

 

İclası açan səhiyyə naziri Oqtay Şirəliyev bu tədbirin təşkil olunmasında əsas səbəb əhaliyə keyfiyyətli tibbi xidmətin təşkili üçün Səhiyyə Nazirliyi olaraq özəl tibb müəssisələrində olan bir sıra problemlərı müzakirə etməkdir.

 

Əgər bir vaxtlar özəl klinikalar ölkə səhiyyəsinin çox cüzi bir hissəsini təşkil edirdisə, bu gün bu sahədə ciddi dəyişikliklər baş vermişdir. Nazir hazırda özəl klinikalarda stasionar, ambulator, stomotoloji - yəni səhiyyənin bütün sferalarını təşkil edən sahələrində özəl xidmətin göstərilməsini təqdirəlayiq faktor kimi dəyərləndirmişdir. O.Şirəliyev qeyd etmişdir ki, ölkədə fəaliyyət göstərən istər dövlət xəstəxanası, istərsə də özəl tibb müəssisəsi arasında ciddi fərq yoxdur və hər iki müəssisə insanların sağlamlığına, onların keyfiyyətli və lazımi tibbi yardım almalarına xidmət etməlidir. «Fərq sadəcə sahibkarlıq formasındadır ki, dövlət tibb müəssisələrdə bütün xidmətlər pulsuz – dövlət hesabına, özəllərdə isə, əksinə, ödənişli xidmət həyata keçirilməsidir», deyə, nazir vurğulamışdır.

 

Səhiyyə naziri öz çıxışında qeyd etdi ki, özəl klinikalar da ölkəyə yad deyil, onların da fəaliyyəti əhalinin, habelə orada çalışan həkimlərin də xeyrinədir. Lakin bütün bunlarla yanaşı dövlətin səhiyyəyə dair qəbul etdiyi bütün qərarlar, əmrlər, protokollar özəl tibb müəssisələrindən yan keçməməlidir, sahibkarın daha çox qazanc əldə etmək arzusuna, müəssisənin maliyyələşmə formasına baxmayaraq qayda-qanun hamı üçündür və bütün tibb müəssisələri qaydalara riayət etməlidir. O.Şirəliyev özəl sektor subyektlərinin fəaliyyətlərindəki bəzi boşluqlardan da söz açmışdır. Nazirin sözlərinə görə, sahibkarların iş qurarkən açdığı müəssisədən maksimum xeyr götürməyə çalışması anlaşılan olsa da, səhiyyə sahəsində istənilən qurumun ən azı zərərsiz fəaliyyət göstərməsinə çalışılmalıdır. Nazirin fikrincə, bunun üçün özəl tibb müəssisələrinə ilk növbədə savadlı kadrlar və peşəkar həkimlər cəlb olunmalıdır ki, bu mütəxəssislər istər inzibati və təşkilati məsələlərin, istərsə də tibbi fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gələ bilsinlər.

 

«Tibb müəssisəsinin gözəl, yaraşıqlı, çoxmərtəbəli olması, yaxud da bir çox avadanlıqla təchiz olunması hələ yetərli deyil. Tibb sahəsində ən əsas yeri həkim peşəkarlığı tutur» - deyə, nazir fikrini davam etdirmişdir. Onun sözlərinə görə, bu gün ana olmaq üçün özəl tibb müəssisəsinə gələn gənc qız, yaxud onun körpəsi tələf olmamalıdır. Burnunun çəpər əyriliyini düzəltmək üçün yaxud hər hansı bir əməliyyat üçün özəl klinikaya gələn şəxs ölməməlidir. O.Şirəliyev dövlət xəstəxanalarında uzun illərin təcrübəsinə malik mütəxəssislərin çalışdığını, ağır vəziyyətdə olanlara təcili yardım göstərmək üçün dövlət xəstəxanalarında aviasiya yardımından tutmuş, hazır qan komponentləri, bütün növ dərman preparatları, körpələr üçün küvezlər və s. vasitələrin olduğunu qeyd etdi. Çıxışına davam edən nazirin sözlərinə görə, bu gün heç olmasa bu sadalananların nisbi bir hissəsini əldə etməyə qadir olan özəl klinikalar belə bir məsuliyyətli işlə məşğul olmalıdır. “Heç kimə sirr deyil ki, laborator müayinələr, çox baha başa gələn bir analizlərdir. Lakin bu gün istənilən özəl tibb müəssisəsində bütün növ laborator analizlər aparılır.

 

Yoxlamalar göstərir ki bir çox hallarda müxtəlif klinikalarda eyni analizlərin tam fərqli nəticələri olur. Bu da bəzi hallarda vaxtı bitmiş reaktivlərdən istifadə ilə bağlıdır. Əgər analiz vaxtı bitmiş reaktivlərlə həyata keçirilərsə, bilirsiniz ki, heç bir effektli müalicədən söz gedə bilməz.

 

Həkim peşəkarlığından danışan nazir bildirmişdi ki, əsas məqsəd tibb müəssisələrində səriştəli həkimlərin çalışmasına nail olmaqdır. Bütün bunlara riayət olunduğu halda uğurlu nəticə əldə etmək olar.

 

Bəzi özəl klinikalarda həddindən artıq səliqəsiz, qanunsuz iş qurulduğunu deyən O.Şirəliyev sənədləşmə işində çox böyük qüsurlar olduğunu xüsusi vurğuladı. Özəl müəssisəyə daxil olan xəstələrin tibbi sənədi açılmır. Yalnız xəstənin ödədiyi pulun miqdarı adi kağızda qeyd olunur. Qaydalara uyğun olaraq, pasiyentin xəstəliyi, bu günə kimi keçirdiyi xəstəliklər, patologiyaları tələb olunan formatda həmin sənəddə əks olunmalıdır.

 

Belə halların təkrarlanmaması üçün nazir əvvəllər olduğu kimi bundan sonra da Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrinə diqqətini daha da artıracağını bildirdi.

 

Oqtay Şirəliyev iki yerdə - eyni zamanda həm dövlət, həm də özəl tibb müəssisələrində çalışan həkimlərə dair də öz münasibətini bildirdi. Nazir qeyd etdi ki, belə bir hal ümumi işin xeyrinə olsa belə, bu məsələ də əmək məcəlləsinə uyğun təşkil olunmalıdır. Həkimlər dövlət müəssisəsində iş gününü yalnız tam başa vurduqdan sonra digər işi ilə məşğul olmaq hüququna malikdirlər.

 

O.Şirəliyev daha sonra özəl tibb müəssisələrinin özünü reklam işlərinin düzgün qurulmamasına, nəyin bahasına olursa-olsun xəstələri öz klinikalarına cəlb etmək məqsədi ilə müxtəlif telekanallarda heç bir reallıqla uzlaşmayan, absurd məlumatlar verilməsinə dair də fikir söylədi. Müxtəlif telekanallarda çıxış edən həkimlər tam təminat verməklə onlara tamaşa edən insanların hissləri ilə oynamamalıdır. Xoşagəlməz hallar olduğu halda şikayətlər yenə də Səhiyyə Nazirliyinə, yəni dövlət qurumlarına gəlir.

 

Nazir eyni zamanda xaricdən gətirilən mütəxəssislərin məsələsinə də toxundu. O, qeyd etdi ki, xaricdən dəvət olunma da xüsusi qayda ilə keçməlidir. Elə olmalı deyil ki, heç kimin tanımadığı bir həkim xaricdən gəlib, əməliyyat edib çıxıb getsin. Sonra yaranan xoşagəlməz halların qarşısını yenə də öz həkimlərimiz almalı olur. Bu da qayda-qanunla tənzimlənməlidir. Yəni ölkəyə gələn həkimin fəaliyyəti üçün onun diplomu Təhsil Nazirliyi tərəfindən təsdiqlənməlidir, Səhiyyə Nazirliyi tərəfindən xüsusi razılıq alınmalıdır. Yalnız bu proseduralardan keçdikdən sonra onların fəaliyyəti mümkündür.

 

İclasın sonunda nazir özəl tibb müəssisələrinin fəaliyyətlərinin daha da təkmilləşdirilməsi üçün xüsusi seminarların təşkil olunacağını da diqqətə çatdırdı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

2/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013