Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ailə həkimlərinə xüsusi çantalar təqdim olundu

AR Səhiyyə Nazirliyi tərəfindən ailə təbabəti ilə bağlı 2008-ci ildə verilmiş 119 №-li əmr Azərbaycan səhiyyəsində aparılan islahatların səmərəliliyinin artırılması istiqamətində atılan növbəti addımdır. 2008-ci ildən Azərbaycanda “ailə həkimi” vəzifəsi təsdiqlənib. Ölkəmizdə səhiyyənin bu istiqamətinin inkişaf etdirilməsi təqdirəlayiqdir. Bu yöndə aparılan fəaliyyət 5 pilot rayondan 158 nəfərin “ailə həkimi” statusu qazanması ilə nəticələnib.

 

2012-ci il aprelin 6-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəkidə çalışan ailə həkimləri ilə görüş keçirilmişdir. Görüş İSİM, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universitetinin əməkdaşlarının, ailə həkimlərinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə baş tutmuşdur.

 

Tədbirdə iştirak edən İSİM-in direktoru C.Məmmədov aparılan islahatlardan danışarkən ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi layihəsi çərçivəsində Səhiyyə Sektorunda İslahatlar Layihəsi tərəfindən ailə təbabətinin təkmilləşdirilməsi ilə bağlı yüksək səviyyəli təlimlərin keçirildiyini qeyd etdi. Həmçinin təlimlərdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış sübutlu təbabətə əsaslanan klinik protokollardan istifadə olunduğundan məmnunluğunu bildirdi. Eyni zamanda ATU-da və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Ailə təbabəti” kafedralarının fəaliyyət göstərdiyi barədə məlumat verildi.

 

Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrasının müdiri Mustafa Salehov Ümumdünya Sağlamlıq Günü ərəfəsində bu tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu vurğuladı. “Gələcəkdə ailə həkimi sözünü qəbul etməliyik” – deyən M.Salehov “Ailə təbabəti” adlı kitabını təqdim etdi.

 

Sonda “ailə həkimi” statusu qazanmış tibb işçilərinə “Ailə həkimi” tibbi kütləvi jurnalı və layihə çərçivəsində hazırlanmış xüsusi çantalar təqdim olundu.

6/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013