Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Narkotiklərə YOX deyək!

Narkotiklərə YOX deyək!

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə kompaniyası

 

Narkomaniyanın getdikcə genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi ölkəmizdə də narahatçılıq doğurur, mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür. Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilir.

 

Xüsusilə, narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş şəxslər arasında gənclərin sayının artması narahatçılıq doğurmaya bilməz. Həmin cinayətlərə görə 2011-ci ildə müəyyən olunmuş 2341 nəfərdən 561-ni (24%-i) gənclər təşkil edir.

 

Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ümumi kompleksinin vacib elementi kimi qiymətləndirilir.

 

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”dan (2007-2012-ci illər) irəli gələn vəzifələrin yerinə yetirilməsi, yəni “Azərbaycanda epidemioloji vəziyyət, narkomaniyanın zərəri, sağlam həyat tərzinin formalaşması haqqında” “Narkotiklərə YOX deyək” devizi altında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə kompaniyasına start verilir.

 

Məqsəd: şagirdlərə narkotik maddələrin ziyanlı tərəfləri, sonrakı baş verə biləcək fəsadları barədə məlumatların verilməsi, maarifləndirmə tədbirlərinin aparılmasıdır. Bu kompaniyanın ilin sonuna kimi Respublikanın bütün orta və ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulur.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

10/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013