Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

17 aprel Ümumdünya hemofiliya günüdür

 

1989- cu ildən bəri hər il 17 aprel Ümumdünya hemofiliya günü kimi qeyd edilir. Bu gün dünyanın bir çox ölkəsində fəaliyyət göstərən hemofiliya təşkilatları və müalicə mərkəzləri hemofiliyalı insanlara təsir göstərən problemlər haqda anlayış yaratmaq üçün toplantılar, idman tədbirləri, sərgilər və digər bu kimi tədbirlər təşkil edirlər.

 

Hemofiliya müxtəlif lokalizasiyalı və intensivli qanaxmalar ilə xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Təkrar baş verən şiddətli qanaxmalar, oynaqlara və toxumalara qansızmalar xəstənin hələ uşaq və gənc yaşlarında əlil və şikəst olmasına, bəzən də ölümünə səbəb olur. Lakin çoxillik təcrübələr göstərir ki, vaxtında və lazımı səviyyədə aparılan müalicə, xəstələrin nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin qarşısını alır.

 

Hemofiliya problemi bütün dünyada mövcuddur o, cümlədən Azərbaycanda bu problemdən kənarda qalmayıb. Hemofiliyalı xəstələrlə 1973-cü ildə təşkil olunmuş mərkəzdə Ə.Əliyev adına AzDHTİ-nun hematologiya kafedrası və Mirqasımov adına Respublika Klink Xəstəxanasının hematologiya şöbəsinin əməkdaşları məşğul olurlar. Azərbaycanda 1400-dən çox xəstə qeydiyyatdadır. Ölkə başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın birbaşa qayğısı və diqqəti sayəsində Səhiyyə Nazirliyi tərəfindən hemofiliya xəstələrinin problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ölkə başçısının hemofiliyalı xəstələr üçün verdiyi qərar və sərəncamlar bu gündə Səhiyyə Nazirliyi tərəfindən uğurla yerinə yetirilir. Belə ki, bu xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir. Mərkəz müasir tələblərə uyğun təmir olunub, laboratoriya avadanlıqla və reaktivlərlə təchiz olunub. 2011- ci ildə 50 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif cərrahi əməliyyatlar həyata keçirilmişdir.

 

2011-2015 ci illər üçün Dövlət Proqramının icrasının təmin edilməsi üçün Səhiyyə Naziri Oqtay Şirəliyevin 12 yanvar 2011-ci il tarixli 12 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsində bir sıra tədbirlər göstərilmişdir. Onlardan ən vacibi faktor konsentratları ilə təminat və hemofiliyalı xəstələrin registrının yaradılmasıdır. Registr xəstələrin məlumat bazasıdır. Registr bu məlumatları ölkənin bütün bölgələrindən toplayaraq vahid sənəd şəklində formalaşdırır. Bu da dərman preparatlarının istifadəsi və paylaşdırılmasının nəzarət və təşkilini həyata keçirilməsində habelə tibbi xidmətin effektivliyini qiymətləndirilməsində çox vacib yer tutur.

 

Bu gün hemofiliyalı xəstələr dərmanlardan bəhrələnərək, əlilliyin qarşısını alaraq, həyat keyfiyyətləri yaxşılaşaraq sağlam insanlardan seçilmirlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

17/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013