Bir sıra tibb müəssisələri açıldı
Ölkəmizin səhiyyə sistemində istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır. 08.05.2012-ci il tarixində Səhiyyə Nazirliyinin tabeçiliyindəki uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir necə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verilib.
Əsaslı təmir və tikintidən sonra açılan müəssisələrdən Əhmədli qəsəbəsindəki 6 nömrəli Şəhər Poliklinikası, Biləcəri qəsəbəsindəki 15 nömrəli Poliklinika, Bilgəh qəsəbəsindəki 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Lökbatan qəsəbəsindəki 39 saylı Uşaq Kardiorevmotoloji Sanatoriyada ən müasir tələblərə cavab verən tibbi avadanlıq quraşdırılmış, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunmuşdur.
Respublikamızda bütün tibb ocaqları kimi bu müəssisələr də müasir səviyyədə təmir olunub, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilib. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



8/05/2012