Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Zaqatalada zəlzələdən zərərçəkənlərə reanimobillər göndərilib

7 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonundan 17 km cənub-qərbdə episentrdəki gücü 7,0 bal olmuş zəlzələ baş vermişdir.

 

Əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaranmışdır. Bu gərginliyin aradan qaldırılması, eləcə zəlzələdən zərər çəkmiş əhaliyə tibbi xidməti təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərdən ibarət briqadalar hadisə yerlərinə ezam olunmuşdurlar. Təbii fəlakət baş verdiyi andan etibarən Səhiyyə Nazirliyinin Zaqatala rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri zərərçəkmişlərə vaxtında lazımi tibbi yardım göstərmiş, müxtəlif xəsarətlərlə müraciət etmiş 50 -ə yaxın yerli sakinə ambulator tibbi yardım göstərmiş 1 nəfəri isə üz-cənə sınığı diaqnozu ilə dərhal hospitalizə etmişdir. Səhiyyə naziri Oqtay Şirəliyevin xüsusi tapşırığı əsasında hadisə yerinə mütəxəssislərlə yanaşı içində bütün tibbi ləvazimatlar, qida və dərman preparatları ilə tam təmin olunmuş 6 reanimobil maşınlar göndərilmişdir. Zəlzələdən xüsusilə zərərçəkmiş Mamrux, Közbarax, Çobangöl və Qımır kəndlərində çadırlar qurulmuş və orada da müvəqqəti məskunlaşmış yerli əhaliyə tibbi yardım məqsədi ilə fasiləsiz təcili yardım maşınları fəaliyyət göstərir.

 

Zəlzələ zamanı binasına xüsusi zərər dəymiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının binasında yardım göstərmək təhlükəli olduğundan dərhal xəstəxananın həyətində 2 çadır qurulmuş və yaralılara həmin çadırlarda ilkin tibbi yardım göstərilmişdir. Həkimlərimizin səyi və zəhməti nəticəsində yaralıların vəziyyəti qənaətbəxşdir, ölüm halları qeydə alınmamışdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

8/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013