Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin tibbi biliklərinin artırılması istiqamətində işlər davam etdirilir

Tibb qəzetindən cıxarış

 

Danılmaz faktdır ki, hər hansı ölkədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi ilk növbədə tibb işçilərinin bilik səviyyəsi ilə müəyyənləşir. Tibbi biliklər isə daim yenilənməli, dünyada bu sahədə əldə edilən yeni məlumatlarla, tətbiq olunan təcrübi bacarıqlarla zənginləşməlidir. Bu mənada, müxtəlif ölkələrin tibb mütəxəssislərinin təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir.

 

Son illərdə Azərbaycanın tibb mütəxəssislərinin, o cümlədən gənc kadrların xarici ölkələrdə ixtisaslarını artırması, Avropanın nüfuzlu universitetlərində səhiyyənin müxtəlif sahələri üzrə elmi və təcrübi biliklərini daha da təkmilləşdirməsi geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə Sərəncamı, digər istisas sahələrində olduğu kimi, yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması işində də dönüş yaradıb. Belə ki, bu Sərəncamdan irəli gələn tələbləri rəhbər tutaraq, Səhiyyə Nazirliyi bu istiqamətdə fəaliyyəti sistemləşdirib və intensivləşdirib. Nazirlik ikitərəfli anlaşmalar, memorandumlar çərçivəsində, dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına azərbaycanlı mütəxəssislərin xarici ölkələrdə 1, 3, yaxud 6 ay müddətində ixtisasartırma kursları keçməsi üçün xüsusi təşəbbüs göstərir.

 

Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən bizə bildirdilər ki, əvvəllər gənc kadrların dövlət hesabına xarici ölkələrdə ixtisasartırma kurslarına göndərilməsinə təsadüfi hallarda rast gəlinirdi. Adətən özəl klinikaların rəhbərləri şəxsi əlaqələri hesabına öz mütəxəssislərini xarici ölkələrə biliklərini təkmilləşdirməyə göndərirdilər. Ancaq bu hal geniş vüsət almamışdı və həmin kadrlar, bu gün olduğu kimi, dünyanın ən nüfuzlu universitet klinikalarında təhsil almırdılar.

 

Son illər ərzində Səhiyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində isə Almaniya, Türkiyə, Rusiya, Polşa, Belarus kimi ölkələrlə tibb mütəxəssislərinin mübadiləsi haqqında qarşılıqlı anlaşma sazişləri imzalanıb və bu anlaşmalara əsasən çox sayda gənc kadrlar həmin ölkələrin nüfuzlu universitet klinikalarında öz elmi və təcrübi biliklərini artırırlar. Təkcə 2010-cu il ərzində 37 həkim və 13 orta tibb işçisi elmi və təcrübi biliklərini təkmilləşdirmək üçün xarici ölkələrə göndərilib.

 

Səhiyyə Nazirliyinin bir sıra ölkələrlə imzaladığı qarşılıqlı anlaşmalara əsasən, bu gün gənc kadrların xarici dövlətlərə göndərilməsi ilə yanaşı, həmin ölkələrin nüfuzlu mütəxəssisləri də səhiyyə işçiləri üçün kurslar təşkil etmək məqsədi ilə ölkəmizə dəvət olunurlar. Bu il ərzində 370 həkimimiz belə kurslarda təlim keçib. Almaniya, Polşa, Rusiya, Türkiyə, Belarus və digər ölkələrdən olan professor-müəllim heyətlərinin, ekspertlərin, həkimlərin Azərbaycanda həm nəzəri, həm də praktiki seminarlar təşkil etməsi səhiyyə sahəsində qazanılan uğurların artırılmasına təkandır.

 

İstər kadrların xarici ölkələrə göndərilməsi, istərsə də xarici ölkələrdən mütəxəssislərin ölkəmizə dəvət edilməsi zamanı səhiyyəmiz üçün prioritet sayılan sahələr nəzərə alınır. Xəstəxana təşkili, radiodiaqnostika, anesteziologiya, hematologiya, reproduktiv sağlamlıq, uşaq kardiocərrahiyyəsi, invaziv kardiologiya, transplantologiya və digər bu kimi prioritet sahələrin inkişafına xüsusi diqqət yetirilir.

 

Beynəlxalq əlaqələr şöbəsindən həmçinin bildirdilər ki, Səhiyyə Nazirliyi hazırda Almaniyanın Heydelberq Universiteti ilə danışıqlar aparır və yaxın gələcəkdə bu nüfuzlu tibb ocağı ilə də qarşılıqlı əlaqələrin qurulacağı gözlənilir.

 

Ötən il səhiyyə nazirinin müavini Nigar Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin Polşaya etdiyi səfərdən sonra bu ölkə ilə də bu sahədə əməkdaşlıq üzrə konkret nəticələr əldə edilib. Bu günlərdə Polşa hökumətlərarası komissiyasının Azərbaycana səfəri çərçivəsində Polşa Respublikası səhiyyə nazirinin müavini Adam Fronçakın nazir Oqtay Şirəliyevlə görüşü zamanı bu məsələlər daha geniş şəkildə müzakirə olunub. Hazırda 4 azərbaycanlı mütəxəssis Polşada kardiocərrahiyyə, kardioanesteziologiya, invaziv kardiologiya sahəsində təcrübə keçirlər və dekabr ayında ölkəmizə geri dönəcəklər.

 

Ümumiyyətlə, son illər tibb kadrlarımızın bilik və təcrübələrinin artırılması istiqamətində çox böyük işlər görülür, mütəmadi olaraq yeni müqavilələr imzalanır, əvvəllər imzalanmış müqavilələrin vaxtı uzadılır. Nazirlik rəsmiləri bildirdilər ki, bu yaxınlarda səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti İtaliyada olub və orada da səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sənədə əsasən, İtaliyanın tanınmış mütəxəssislərinin gənc azərbaycanlı kadrlar üçün səhiyyənin müxtəlif sahələri üzrə ixtisasartırma kursları keçməsi nəzərdə tutulur. Eyni zamanda, həmin səfər çərçivəsində Azərbaycanda rezidenturanın təşkili ilə əlaqədar İtaliyadan təcrübəli ekspertlərin ölkəmizə dəvəti və s. məsələlər də müzakirə olunub.

 

Əldə etdiyimiz məlumata görə, hazırda Kliniki Tibbi Mərkəzdə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında və Elmi Tədqiqat Pediatriya İnstitutunda çalışan 13 nəfər tibb bacısı Ankarada ixtisasartırma kurslarındadır. Xəstələrlə daha çox təmasda olan tibb bacılarının professionallıq səviyyəsi müalicə işinin əsas komponentlərindən biridir. Buna görə də gələcəkdə tibb bacılarının biliklərinin təkmilləşdirilməsi işinin daha da genişləndirilməsi planlaşdırılır.

 

Bu ilin müxtəlif dövrlərində ölkəmizdə Rusiya Diplomdansonrakı Tibb Akademiyasının neanotologiya, anesteziologiya, hematologiya, şüa diaqnostikası, ultrasəs diaqnostikası kafedralarından hər dəfə 4 nəfərdən ibarət professor və dosent heyətinin kursları təşkil edilib. Dekabr ayında isə Rusiya Diplomdansonrakı Tibb Akademiyasının ginekologiya kafedrasının mütəxəssislərinin ölkəmizə səfəri planlaşdırılır.

 

Türkiyənin Ege Universitetinin professor və dosentlərindən ibarət 4 nəfərlik heyət isə azərbaycanlı müdavimlərə uşaq cərrahiyyəsi sahəsində mühazirələr oxuyub. Onlar həm elmi-praktik konfrans təşkil edib, eyni zamanda, ölkəmizdə olduqları müddətdə cərrahlarımızla birlikdə 4-5 ağır əməliyyat həyata keçiriblər.

 

Belarusdan dəvət edilmiş hematoonkoloq isə bu sahədə çalışan mütəxəssislərimizlə görüşüb, ekspert kimi öz rəy və təkliflərini verib. Bu ölkənin Ana və Uşaq Mərkəzinin professor və dosentləri də bu il ilk dəfə 10 gün müddətində Azərbaycanda Respublika Perinatal Mərkəzində olub və təxminən 160 nəfərlik auditoriya üçün mühazirələr oxuyublar.

 

Eyni zamanda, bu il ərzində 10 nəfər mütəxəssisimiz Moskva Dövlət Universitetində şüa diaqnostikası üzrə 2 aylıq yüksək səviyyəli təcrübə keçiblər. 30 nəfərə yaxın mütəxəssisimiz isə Türkiyədə neanotologiya, ginekologiya, şüa diaqnostikası, hematologiya, pediatriya, neyrocərrahiyyə, kardiocərrahiyyə sahələri üzrə ixtisasartırma kurslarını bitiriblər.

 

Hazırda yanvar ayında Almaniyanın Yena Universitetinə göndərmək üçün yeni qrup hazırlanır.

 

Seçim zamanı Türkiyə, Rusiya və Belarus kimi ölkələrə daha çox üstünlük verilməsi dil problemi ilə bağlıdır. Belə ki, hazırda rus dilindən başqa, digər xarici dillərdə danışmağı bacaran, bu dillərdə sərbəst ünsiyyətdə ola bilən, verilən elmi informasiyanı tam mənimsəyə bilən mütəxəssislərimizin sayı azdır. Bu isə kursa göndərilən müdavimlər üçün ən önəmli amildir.

 

Hər hansı ölkəyə müdavim göndərilərkən, qarşı tərəflə bağlanmış müqavilənin şərtlərinə mütləq əməl edilir. Belə ki, bəzi ölkələrin qanunvericiliyinə görə, müdavim həkimlər yalnız müşahidəçi təcrübə keçə bilərlər. Onların hansısa xəstənin müalicəsində və ya əməliyyatında bilavasitə iştirakına yol verilmir. Ancaq istisna hallarda yüksək elmi və təcrübi potensiala malik həkim müdavimlərin cərrahi əməliyyatlar aparmasına icazə verilə bilər.

 

Xarici ölkələrə göndərilən müdavimlər ölkəmizə qayıtdıqdan sonra onlardan çox ciddi hesabat da tələb olunur. Kurslarda həm nəzəri, həm də praktiki biliklərini təkmilləşdirmiş tibb işçiləri bu hesabatlarda hansı yeni bilikləri, müalicə metodlarını mənimsədikləri barədə məlumat verir, gələcəkdə ölkəmizdə tibbi xidməti və tibb təhsilini inkişaf etdirmək üzrə öz təkliflərini də qeyd edirlər.

 

Bu ixtisasartırma kursları tibb mütəxəssislərimiz üçün yüksək effektivliyə malikdir və onlar qısa müddət ərzində böyük elmi və praktik təcrübə qazanırlar. Bütün bunlar isə Azərbaycan səhiyyəsinin bugünkü və gələcək inkişafına xidmət edir.

 

Ü.Fərzəliyeva

7/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013