Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb işçilərinin sertifikatlaşdırılması

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikatlaşdırılması işinə başlayıb.

 

Qeyd edək ki, uzun illərdir dünya praktikasında geniş istifadə olunan və hazırda ölkəmizdə tətbiqinə başlanılan sertifikasiya prosesi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı rəhbər tutaraq həyata keçirilir.

 

Bu haqda bizə müsahibəsində Nazirliyin aparat rəhbəri, Səhiyyə Mütəxəssislərinin Sertifikasiya Şurasının sədri Zəkiyyə Mustafayeva daha geniş və əhatəli məlumat verdi.

 

- Tibb mütəxəssislərinin sertifikatlaşdırılması prosesinə bu ilin dekabr ayından start veriləcək. Öncə sertifikasiyaya cəlb olunan səhiyyə mütəxəssislərinin sənədləri qəbul olunacaq. İlk imtahanlar yanvar ayında keçiriləcək. Ancaq dekabr ayında praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün sınaq test imtahanları təşkil ediləcək. Bu imtahanlarda özünü sınamaq istəyən tibb işçiləri könüllü şəkildə iştirak edə bilərlər. Sınaq test imtahanları 8 ixtisas üzrə keçiriləcək.

 

- Sertifikasiya prosesinin təşkili üçün indiyədək nazirlikdə hansı tədbirlər həyata keçirilib?

 

- Səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin təşkili məqsədi ilə nazirlik tərəfindən Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şurası yaradılıb və onun Əsasnaməsi təsdiq edilib. 11 üzvdən ibarət Şuranın tərkibində Səhiyyə Nazirliyinin, sahə həmkarlar ittifaqının nümayəndələri, habelə tibb və əczaçılıq sahəsində görkəmli alimlər və aparıcı mütəxəssislər fəaliyyət göstərir.

 

Sertifikasiyaya cəlb ediləcək səhiyyə mütəxəssislərinin müəyyən edilməsi məqsədi ilə nazirlik Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin məlumatlarını öyrənir, onların siyahısını müəyyən edir.

 

Artıq Səhiyyə Nazirliyində Sertifikasiya Şurasının ilk iclası keçirilib. Toplantıda sertifikasiya prosesinin qaydaları müzakirə olunub.

 

- Qaydalar özündə nələri ehtiva edir?

 

- Öncə qeyd edim ki, sertifikasiya tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan, eləcə də özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərini əhatə edir. Ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiya prosesinə cəlb edilirlər.

 

Qeyd olunmalıdır ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (həmçinin uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər.

 

Bundan başqa, alı və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən, habelə ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.

 

Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası ödənişsiz həyata keçiriləcək.

 

Səhiyyə mütəxəssislərinin sertifikasiyası şəffaflıq, aşkarlıq şəraitində 2 mərhələdə - test və müsahibə yolu ilə, nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə təşkil ediləcək.

 

Test imtahanı 100 sualdan ibarətdir və 3 saat ərzində fasiləsiz davam edir. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılırlar. Test imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs bilavasitə, yaxud işlədiyi səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən məlumatlandırılır. Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

 

- Sertifikasiya prosesində iştirak etmək üçün mütəxəssislər test suallarını necə əldə edə bilərlər?

 

- Səhiyyə Nazirliyinin 119 saylı əmrinə əsasən, Azərbaycanda 40 həkim ixtisası və 7 orta tibb ixtisası var. Bütün bu ixtisaslar üzrə test sualları toplusu artıq hazırlanıb. Həkim və orta tibb ixtisasları üzrə təsdiq olunmuş sualların nümunəvi toplusunu, habelə sertifikasiya prosesinin qaydaları haqqında geniş məlumatı Səhiyyə Nazirliyinin internet səhifəsindən (www.health.gov.az) əldə etmək mümkündür.

 

Qeyd edim ki, nazirlik tərəfindən test imtahanının sualları konfidensiallıq gözlənilməklə, 3 mürəkkəblik dərəcəsi üzrə tərtib edilib. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından ən azı 10 dəfə çoxdur. Test imtahanının suallar toplusunun hər il 10-20 faiz yenilənməsi nəzərdə tutulur.

 

Test imtahanının qrafiki və imtahana cəlb olunan şəxslər barədə məlumat da nazirliyin internet saytı vasitəsilə yayılacaq.

 

- Test sualları ilə tanış olan həkimlər deyirlər ki, bəzi suallara bir neçə cavab variantı düz gəlir...

 

- Hər ixtisas üzrə test sualları xüsusi komissiyalar tərəfindən hazırlanıb. Test sualları təsdiq edilmiş xüsusi qaydalara uyğun olaraq, müvafiq metodikaya əsasən tərtib edilib və hər bir testin yalnız bir cavab variantı doğrudur. Əgər imtahana hazırlaşan tibb işçisi bir testə bir neçə cavab variantının düz gəlməsini hesab edirsə, o, nazirliyin saytının “Sual – cavab” bölməsinə müraciət edə bilər və test komissiyası bu suala yenidən baxar.

 

- Test imtahanlarının nəticələri nə vaxt elan ediləcək?

 

- Nazirlik test imtahanının nəticələrini imtahan keçirilən tarixdən 3 gün müddətində bəyan edəcək.

 

- Test imtahanından uğurla keçən mütəxəssisləri ikinci mərhələdə – müsahibə mərhələsində nə gözləyir?

 

- Müsahibədə sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinə ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar veriləcək.

 

Müsahibə açıq, hər bir şəxslə fərdi qaydada, ixtisas komissiyasının üzvləri ilə söhbət formasında 30 dəqiqəyədək müddətdə aparılır. Onun şəffaflığını təmin etmək məqsədi ilə müsahibənin keçirilməsi zamanı səhiyyə mütəxəssisinin razılığı ilə audio-video çəkilişdən istifadə oluna bilər.

 

Müsahibədən sonra İxtisas komissiyasının üzvləri verilmiş cavabları müzakirə edir və ümumi rəy əsasında müsahibənin nəticələrini məqbul və ya qeyri-məqbul qiymətləndirirlər.

 

Onu da vurğulayım ki, sertifikasiyaya cəlb edilmiş şəxslərə nazirlik tərəfindən 7 gün əvvəl müsahibə barədə xəbərdarlıq edilir və müsahibənin keçirildiyi yer, tarix və vaxt haqqında onlara məlumat verilir.

 

- İmtahanlardan müsbət nəticə əldə edə bilməyən mütəxəssislərin peşə taleyi necə olacaq?

 

- Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yerləri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün nazirliyə müraciət edə bilərlər. Bundan sonra sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənir. Belə ki, onların praktik fəaliyyətləri dayandırılacaq.

 

- Bəs, çox yüksək bal toplayanlara ixtisas dərəcəsi verilməsi, yaxud onların maaşlarının artırılması nəzərdə tutulurmu?

 

- Xeyr, sertifikasiyanın məqsədi həkimlərə ixtisas dərəcəsinin verilməsi deyil, tibb işçilərinin ümumi bilik səviyyəsinin yüksəldilməsi, yalnız savadlı mütəxəssislərin praktiki fəaliyyətlə məşğul olmasıdır. Sertifikatlaşdırma nəticəsində ixtisas dərəcəsinin verilməsi, maaşların artırılması nəzərdə tutulmur. Sertifikasiyadan fərqli olaraq, ixtisas dərəcəsinin alınması könüllüdür, bu dərəcələri almaq istəyənlər özləri nazirliyin müvafiq qurumuna müraciət edə bilərlər.

 

- Ölkəmizdə praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan bütün səhiyyə mütəxəssislərini eyni vaxtda sertifikatlaşdırmaq mümkün olacaqmı?

 

- Xeyr, 30 min nəfərlik tibb mütəxəssislərini 2 ay içərisində sertifikasiyadan keçirmək imkanımız yoxdur. Bu, mütəmadi davam edəcək bir prosesdir. İlkin mərhələdə 5 il ərzində ixtisasartırma kursunu keçən səhiyyə mütəxəssisləri sertifikasiyadan keçiriləcəklər. Beş il müddətində ixtisasartırma kurslarında olmayanlar isə əvvəlcə bu kurslara cəlb ediləcək, yalnız bundan sonra sertifikatlaşdırmaya buraxılacaqlar.

 

Eyni zamanda, biz sertifikatlaşdırma işini hələ ki tək Bakı şəhəri üzrə həyata keçiririk. Gələcəkdə regionlar üzrə sertifikasiya komissiyaları yaratmaq, yaxud imtahanları səyyar formada keçirmək planlaşdırılır.

 

- Sizcə, tibb mütəxəssislərinin sertifikatlaşdırılması işi bəzi bölgələrdə mövcud olan mütəxəssis çatışmazlığı problemini daha da artırmayacaqmı?

 

- Mən düşünmürəm ki, regionlarda fəaliyyət göstərən səhiyyə mütəxəssislərinin bilik səviyyəsi Bakı şəhərində çalışanlardan daha aşağıdır. Hesab edirəm ki, onlar da bu imtahanlardan uğurla keçmək iqtidarındadırlar. Belə halda narahatlığa əsas yoxdur.

 

- Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin şəffaflığı necə təmin ediləcək?

 

- Sertifikatlaşdırma prosesinin bütün mərhələləri beynəlxalq və yerli müşahidəçilər üçün açıqdır. Beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri test imtahanlarını və müsahibələri müşahidə etmək üçün təşəbbüs göstərə bilərlər. Onlar öz nümayəndələrinin siyahılarını ən geci imtahana 10 gün qalmış nazirliyə təqdim etməlidirlər. Ancaq müşahidəçilərin test imtahanının və müsahibənin gedişinə müdaxiləsi yolverilməzdir.

 

- Belə şayiələr gəzir ki, sertifikatlaşdırma prosesi bu sahədə rüşvətxorluq hallarının yaranmasına gətirib çıxara bilər. Bu barədə nə deyə bilərsiniz?

 

- Tam əminliklə deyə bilərəm ki, bu prosesdə heç bir rüşvətxorluq hallarından söhbət gedə bilməz. Test imtahanının nəticələri xüsusi optik cihazlar vasitəsilə oxunacaq. Bu isə o deməkdir ki, hər hansı bir saxtakarlığa yol verilməsi, prosesdən sui-istifadə qeyri-mümkündür.

 

- Sertifikasiyadan keçmək üçün hansı sənədlər tələb olunur və onlar haraya təqdim edilməlidir?

 

- Bunun üçün tələb olunan sənədlər nazirlik tərəfindən müəyyən edilmiş formada ərizə; şəxsiyyət vəsiqəsi və onun surəti; ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti; əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti; kadrlar uçotunun şəxsi vərəqəsi; ixtisasartırma kurslarını keçmək barədə sənəd və onun surəti; sağlamlıq haqqında arayış və 3x4 ölçüdə 2 fotoşəkildir. Bu sənədlər müvafiq qaydada Sertifikat təşkilatının katibliyinə təqdim edilir.

 

- İmtahanların harada keçirilməsi nəzərdə tutulub?

 

- Sertifikat təşkilatının katibliyi, yəni texniki heyət Elmi Tibb Kitabxanasının binasında – Şərifzadə küçəsi, 196 ünvanında yerləşir. Müasir səviyyədə təmir edilən və yeni avadanlıqla təchiz olunan binada texniki heyət təlimlərə başlayıb. Burada həm sənədlərin qəbulu, həm də test imtahanlarının və müsahibənin təşkili üçün lazımi şərait yaradılıb.

 

- Tibb mütəxəssislərinin sertifikatlaşdırılmasının səhiyyəmizə töhfəsi nə olacaq?

 

- Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının artırılması məqsədi ilə həyata keçirilir. Bu, həkim və orta tibb işçilərinin nəzəri və təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradacaq.

 

Ü.Fərzəliyeva

7/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013