Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ÜST Avropa Regionu Daimi Komitəsinin növbəti iclası, Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyası və ÜST İcraiyyə Komitəsinin 131-ci sessiyası keçirilmişdir

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 19-29 may 2012-ci il tarixlərdə Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regionu Daimi Komitəsinin növbəti iclası, Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyası və ÜST İcraiyyə Komitəsinin 131-ci sessiyasında iştirak etmişdir.

 

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regionu Daimi Komitəsinin iclası İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmişdir.

 

ÜST Assambleyası ərəfəsində keçirilən tədbirin gündəliyinə Baş Direktor seçkiləri, ÜST islahatları, Avropa Sağlamlığı 2020 konsepsiyasının təqdimatı, 12-ci Fəaliyyət planının təsdiqi, qeyri infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri, Avropa Səhiyyəsində prioritetlər, Avropada ÜST ofislərində kadr islahatları, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər məsələlər daxil edilmişdi.

Daimi Komitə çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə ÜST Avropa Regional direktoru Jujanna Yakab ilə rəsmi görüş keçirilmişdir. Görüşdə Azərbaycanda səhiyyə proqramlarının gedişi, qazanılan nailiyyətlər haqqında müzakirələr aparıldı. Görüşdə həmçinin səhiyyə statistikası və göstəricilərin bir sıra qurumların təhrif olunmuş şəkildə verməsi haqqında iradlar bildirildi. ÜST rəhbərliyinə bir sıra ölkələrin göstəricilərinin bu şəkildə verilməsi və bunların ÜST rəsmi statistikası ilə tam uyğunsuzluğu haqqında məlumat verildi. Azərbaycan tərəfinin dəvəti ilə 2012-ci ilin iyununda ÜST statistika və səhiyyə göstəriciləri departamentinin ekspertlərinin Azərbaycana səfəri qərara alındı.

 

Malta Respublikası Nümayəndə heyətinin rəhbəri ilə görüşdə ÜST Avropa Regional Komitəsinin Maltada keçiriləcək 62-ci sessiyası haqqında müzakirələr əsas yer tutmuşdur. Daimi Komitənin gündəliyində ÜST idarəçiliyi və vakansiyalara təqdimat məsələləri də müzakirə olunmuşdur.

 

ÜST Avropa Regional Komitəsinin Maltada keçiriləcək 62-ci sessiyasında sədrlikdən sonra ÜST Avropa Regionu xüsusi məruzəçi vəzifəsi Azərbaycana təklif edilmişdir.

 

Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyası 21 may 2011-ci il tarixdə öz işinə başlamışdır.

 

Assambleyanın gündəliyinə aşağıdakı məsələlər daxil idi: Assambleyanın açılışı, Səlahiyyətlər Komitəsinin yaradılması, Sədrin seçilməsi, Sədr müavinlərinin seçilməsi, Əsas Komitələrin gündəliklərinin təsdiqi, ÜST İcraiyyə Komitəsinin 131-ci sessiyasının hesabatı, ÜST Baş Direktorunun məruzəsi, ÜST Baş Direktoru seçkiləri, ÜST İcraiyyə Komitəsinə seçkilər, Mükafatların təqdimatı, A və B Komitələrinin plenar iclasları və onların hesabatı.

 

Ənənəvi olaraq 65-ci sessiyada da Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Marqaret Çan son illərdə qazanılan nailiyyətlərdən, yeni təzahür edən infeksion xəstəliklərə qarşı effektiv mübarizə metodlarının tətbiqindən, geniş masştablı immunizasiya tədbirlərindən, Minilliyin inkişaf məqsədlərində səhiyyəyə aid hədəflərin təyini və onlara nail olmaqdan, AİDS-lə mübarizə metodlarından və antiretroviral müalicənin geniş tətbiq edilməsindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən, habelə üzv ölkələrin səhiyyə və sosial sferaya maliyyə yatırımlarından və bunun müstəsna əhəmiyyətindən söz açmışdır.

 

İlkin plenar müşavirələrdən sonra Assambleya öz işini A və B Komitələrində davam etmişdir.

 

A Komitəsində səhiyyənin texniki məsələləri, komitəsində malyariyaya müalicəsində dərmanların səmərəli istifadəsi, işğal olunmuş Fələstin ərazilərində səhiyyənin vəziyyəti və təbii çiçək ehtiyatlarının ləğvi məsələləri xüsusilə geniş debatlarla müşahidə edilmişdir.

 

B Komitəsində səhiyyə sahəsində həyata keçirilən proqramlar və büdcə, 2012-2016-ci illər üçün 12-ci ümumi iş planının müzakirəsi, ÜST üzv ölkələrinin üzvlük haqqının ödənişləri haqqında hesabat, təftiş və nəzarət məsələləri, ÜST işçiləri üçün təqaüd fondunun təsisatı və digər mələlər müzakirə edilmişdir.

 

ÜST Assambleyasının 65-ci sessiyasında Çin Xalq Respublikasının təqdimatı ilə Dr. Marqaret Çan müstəqim yolla yenidən Baş Direktor vəzifəsinə seçilmişdir.

 

ÜST Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinə isə Azərbaycan Respublikası 2012-2015-ci illər üzrə ikinci dəfə yekdilliklə seçildi.

 

Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyasının keçirildiyi tarixlərdə Azərbaycan nümayəndə heyəti ÜST Baş Direktoru və Direktorun Katibliyi ilə rəsmi, Belarus Respublikasının Səhiyyə Nazirinin müavini ilə, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin, Türkiyə Cümhuriyyətinin Səhiyyə Nazirliyinin nümayəndə heyətinin rəhbərliyi ilə və digər beynəlxalq qurumların nümayəndələri ilə işçi görüşlər keçirilmişdir.

 

İşçi görüşlərdə ölkələrimiz arasında imzalanmış səhiyyə və tibb elmi sahəsində sazişlərin yerinə yetirilməsi, habelə tibbi kadrların diplomdan sonrakı hazırlığı üzrə əlaqələrin davam etdirilməsi, habelə ÜST çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 

26 May 2012-ci il tarixdə Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyası öz işini başa vurmuşdur.

 

ÜST İcraiyyə Komitəsinin 131-ci sessiyası 28 may tarixdə işinə başlamışdı. Bu Azərbaycan Respublikasının Müstəqillik Gününə təsadüf edirdi.

 

ÜST Baş Direktoru Dr. Marqaret Çan Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbərinin müşayiəti ilə səfirliyimizin Cenevrədə təşkil etdiyi rəsmi tədbirdə iştirak etmişdir.

 

Tədbirdə Dr. Çan Azərbaycanda sosial sahədə aparılan islahatlar, iqtisadiyyatdan gələn gəlirlərin xalqın sağlamlığına və digər humanitar sahələrə yönəldilməsi, habelə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və bunda Azərbaycan Respublikası Prezidentinin və Birinci xanımın müstəsna xidmətlərini israrla vurğulamışdır.

5/06/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013