Hərbi hissədə baş vermiş yanğında 9 nəfər zərərçəkmişdir
19.07.2012-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən hərbi hissəsinin bazasında güclü yanğın baş vermişdir. Hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır.
Saat 07:59 radələrində “103 xidməti”nə Qaradağ rayonunda baş vermiş yanğın hadisəsi haqqında məlumat daxil olmuşdur. Hadisə yerinə dərhal öncə 3, saat 08:30 radələrində isə əlavə olaraq daha 9 təcili tibbi yardım briqadası göndərilmişdir. Təcili Tibbi Yardım stansiyasının əməkdaşları yanğın zamanı zərərçəkmişlərdən nisbətən yüngül xəsarət almış 6 nəfərə yerindəcə ambulator yardım göstərmiş və evlərinə buraxılmışlar.
Nisbətən ağır xəsarət almış Fövqəladə Hallar Nazirliyinin 3 əməkdaşı Kliniki Tibbi Mərkəzə gətiriliblər. Xəstəxanaya yerləşdirilənlər 1973-cü il təvəllüdlü Valid Əfəndiyev alın sümüyünün xətti sınığı, 1987-ci təvəllüdlü Rauf Hüseynov alt çənə bıçağının sınığı və diz nahiyəsinin deşiyi, 1987-ci il təvəllüdlü Rzayev Xəyal isə natamam yanma məhsulları ilə zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdirilmiş və hal-hazırda müalicə olunur.
Hazırda yaralıların vəziyyəti orta ağırlıqdadır və xəstələrin heç bir həyati təhlükəsi yoxdur.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı
19/07/2012