Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 103 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 48 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1018, mikrobioloji göstəricilərinə görə 929, toksikoloji göstəricilərinə görə 199, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 3-də orqanoleptik və fiziki-kimyəvi, 27-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 3029 yaxma nümunəsi götürülmüş, 51 yaxma nümunələrində mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

İyul ayı ərzində əhali arasında 228 qida zəhərlənməsi hadisəsi baş vermiş, 268 nəfər zərərçəkən olmuşdur. O cümlədən 3 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

 

29/08/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013