Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Maltada Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 62-ci sessiyası keçirilmişdir

10-13 sentyabr 2012-ci il tarixlərdə Maltada Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 62-ci sessiyası və bu ərəfədə 9 sentyabr 2012-ci il tarixdə Daimi Komitənin növbəti iclası keçirilmişdir.

 

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev sessiyada və Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regionu Daimi Komitəsinin növbəti iclasında iştirak etmişdir.

 

Daimi Komitənin iclasında ÜST Avropa Regional Komitəsinin 62-ci sessiyasının gündəliyi, Səhiyyə 2020 konseptual sənədinin əsasları, ictimai səhiyyənin möhkəmləndirilməsində Avropa fəaliyyət planı, 2014-2019-cu illər üçün 12-ci Fəaliyyət planı, 2014-2015-ci illər üçün büdcənin təqdimatı, ÜST islahatlarının praktik əhəmiyyəti, qeyri infeksion xəstəliklərlə mübarizə və profilaktika problemləri, elmi tədqiqatlar və innovasiyalar üzrə konsultativ qrupun hesabatı, Daimi Komitəyə seçkilər və digər məsələlər müzakirə edilmişdir. Həmin gün Daimi Komitənin iclası sona çatmışdır.

 

ÜST Avropa Regional Komitəsinin 62-ci sessiyasında regiona daxil olan 53 ölkənin səhiyyə rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və bir sıra qeyri hökumət təşkilatlarının nümayəndələri, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və digər qurumların nümayəndələri də iştirak edirdilər.

 

Təntənəli açılış mərasimində Danimarka Krallığının Ülyahəzrət Şahzadəsi Meri, Maltanın Baş Naziri cənab Lorens Qonzi, ÜST Baş direktoru Dr. Marqaret Çan, Avropa İttifaqının səhiyyə Komissarı cənab Con Dalli və başqaları da iştirak edirdilər.

 

Adət üzrə əvvəlki sessiyanın sədri ənənəvi olaraq Sessiyanı təntənəli açaraq tədbirə rəhbərliyi həmin ölkənin nümayəndəsinə təhvil edir. Bu missiya Azərbaycana həvalə edilmişdi.

ÜST Avropa Regional Komitəsinin Prosedur qaydalarının 10-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev sessiyanın ilk iclasını açıq elan edərək gündəliyin birinci maddəsinə uyğun olaraq tədbirin yeni Rəyasət Heyətinin tərkibi haqqında təklifləri təqdim etmişdir.

 

62-ci Sessiyanın sədri vəzifəsi Maltanın Səhiyyə Naziri cənab Cozef Kassara həvalə olunmuşdur. İcraçı sədr və icraçı sədrin müavini vəzifələri uyğun olaraq İsveç və Bolqarıstana, sessiyanın xüsusi Hesabatçısı vəzifəsi isə Azərbaycana həvalə edilmişdir.

 

Çıxışlardan sonra sədr ÜST Avropa Regional Komitəsinin 62-ci sessiyasının gündəliyini təsdiq etmişdir.

 

Sessiyasının gündəliyinə Səhiyyə 2020 konseptual sənədinin əsasları, ictimai səhiyyənin möhkəmləndirilməsində Avropa fəaliyyət planı, 2014-2019-cu illər üçün 12-ci Fəaliyyət planı, 2014-2015-ci illər üçün büdcənin təqdimatı, ÜST islahatlarının praktik əhəmiyyəti, qeyri infeksion xəstəliklərlə mübarizə və profilaktika problemləri, elmi tədqiqatlar və innovasiyalar üzrə konsultativ qrupun hesabatı, Daimi Komitəyə və İcraiyyə Komitəsinə seçkilər, Avropa Reginunda psixi sağlamlıq konsepsiyası, xəstəliklərin qlobal monitorinqi və digər məsələlər daxil idi.

 

Tədbirlər çərçivəsində Azərbaycan Avropa məkanında səhiyyə sahəsində tərəfdaşlıq məsələlərinə dair, ÜST proqramlarının maliyyələşməsi və büdcə haqqında çıxışlar etmişdir, habelə İctimai səhiyyənin gücləndirilməsi və Azərbaycanda aparılan fəaliyyət haqqında xülasə katibliyə təqdim olunmuşdur.

 

ÜST büdcəsinin müzakirələrində Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşməsi və donor təşkilatları ilə əlaqələrə dair bildirdi ki, verilən maliyyə vəsaitləri ünvanlı deyil, təşkilatın əsas prioritet məsələlərin uyğun olaraq xərclənməlidir.

 

O.Şirəliyev Regional Komitənin 62-ci sessiyasında açılış nitqi ilə çıxışnda 61-ci Bakı sessiyası haqqında, beynəlxalq aləmdə Dövlətimizin nüfuzunun artdığını və son illər ölkədə səhiyyə və sosial sahədə aparılan geniş miqyaslı islahatların həyata keçirilməsində Azərbaycan Respublikası Rəhbərliyinin siyasi və maliyyə dəstəyini bir daha qeyd etmişdir. Azərbaycan tərəfinin sessiya çərçivəsində Belarus, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Malta və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə işçi görüşlər keçirildi.

 

Görüşlərdə səhiyyə və tibb elmi sahəsində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və gələcək perspektivləri müzakirə edilmişdir.

 

Eyni zamanda görüşlərdə Azərbaycanda həyata keçirilən səhiyyə islahatları, qazanılan müsbət təcrübə ilə bölüşmə imkanları müqabil tərəfə bildirilmişdir.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri ÜST Baş Direktoru Dr. Marqaret Çan ilə işçi görüş keçirmişdir. Görüşdə Dr. Marqaret Çan Azərbaycanda ölkə rəhbərliyinin səhiyyə və sosial sferaya verdiyi diqqət və qayğını, habelə Azərbaycana səfəri ilə xoş təəssüratlarını bir daha qeyd etmişdir.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin direktoru Dr. Jujanna Yakab ilə işçi görüşü keçirmişdir.

 

İşçi görüş zamanı 62-ci sessiyanın işinin təşkili. Qəbul ediləcək qətnamələr, xüsusi Hesabatçı vəzifəsinin Azərbaycana həvalə edilməsi və 2012-ci ilin noyabr ayında Azərbaycanda ətraf mühit və səhiyyənin inkişafı problemlərinə həsr edilmiş nazirlər forumunun işinin gedişi haqqında müzakirələr aparılmışdır.

 

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin növbəti 63-cü sessiyasının 2013-cü ilin sentyabrında Portuqaliyanın Lissabon şəhərində keçirilməsi qərara alınmışdır.

 

Sessiya 2012-ci il sentyabrın 13-də öz işini başa vurmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

19/09/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013