Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin avqust ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 83 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 32 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 40 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 926, mikrobioloji göstəricilərinə görə 832, toksikoloji göstəricilərinə görə 328, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 9-də orqanoleptik və fiziki-kimyəvi, 11-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 2304 yaxma nümunəsi, 17 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 35 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Avqust ayı ərzində əhali arasında 135 qida zəhərlənməsi hadisəsi baş vermiş, 155 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

19/09/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013