Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakıda 18-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin açılışı olub

Bu gün Bakıda 18-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin açılışı olmuşdur. Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil edilmiş (“BİHE-2012”) 18-ci Azərbaycan beynəlxalq səhiyyə sərgisinin açılışında səhiyyə nazirinin müavini Elsevər Ağayev iştirak etmişdir.

 

Sərgiyə Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu da təşkilati dəstək göstərirlər.

Açılışda çıxış edən E. Ağayev Azərbaycanda dövlət tərəfindən səhiyyəyə göstərilən böyük diqqət və qayğıdan, son illər ərzində ölkədə tikilib yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən tibb müəssisələrinin sayının artmasından, səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlərdən və bu sərginin böyük əhəmiyyətindən danışmışdır.

 

İştirakçılara bildirmişdirlər ki, ildən-ilə bu sərgidə iştirak edən ölkələrin sayının artması Azərbaycanda səhiyyə sahəsində sürətli inkişafın əyani sübutudur.

 

Sərgidə iki gün ərzində dünyanın 16 ölkəsindən 107 şirkətin tibbi avadanlıq və məhsulların nümayiş etdiriləcəyi bildirilmişdir.

 

Qeyd olunmuşdur ki, bu sərgidə dövlət qurumlarının nümayəndələri, tibbi avadanlıq və məhsulların istehsalçıları, həkimlər və tibb sənayesi mütəxəssisləri artıq 18-ci dəfədir bir məkana toplaşırlar.

 

“BİHE-2012” sərgisi ilə eyni vaxtda daha iki tədbir - 7-ci Azərbaycan beynəlxalq stomatologiya sərgisi və 6-cı Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi də keçirilir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

27/09/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013