Respublika Klinik Xəstəxanasının cərrahiyyə korpusu əsaslı təmirdən sonra istifadəyə verilib
Mirqasımov adına Respublika Klinik Xəstəxanasının cərrahiyyə korpusu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Səhiyyə infrastrukturunun yenidən qurulması və tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər uğurla davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən akademik Mirqasımov adına Respublika Xəstəxanasının cərrahiyyə korpusunda aparılan təmir və yenidənqurma işləri başa çatdırılıb. Xəstəxanada əhalinin sağlamlığının qorunması və yüksək tibbi xidmətin təşkili üçün hər cür şərait yaradılıb. Bütün şöbələr ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunub. Reanimasiya zallarında, əməliyyat otaqlarında yaradılan şərait insanlara daha keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verir. Bu korpusda bütövlükdə 11 əməliyyat otağı yerləşir. Oftalmologiya şöbəsində gözdaxili təzyiqin ölçülməsi, görmə sahəsinin təyini və göz dibinin müayinəsinə imkan verən ən müasir avadanlıq qoyulub. Endoskopik müayinə, Ultra səs müayinəsi , kompüter tomoqrafiyası kabinetləri də ən müasir standartlara cavab verən tibbi cihaz və aparatlarlarla təchiz olunub. Palatalar 2, 3 və 4 nəfərlikdir. İstirahət guşələrində pasiyentlərin normal istirahəti üçün lazımı şərait yaradılıb. Tibb ocağının həyətində və ətraf ərazisində də geniş abadlıq və yenidənqurma işləri həyata kecirilb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
9/10/2012