Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda Pilot təlim kursu keçirilmişdi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda Pilot Təlim Kursu keçirilmişdir. Kurslar Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında 2 illik əməkdaşlıq barədə saziş əsasında, “İctimai səhiyyə və fövqəladə halların idarə edilməsi” mövzusunda təlim kursunun təşkili layihəsi çərçivəsində təşkil olunmuşdur.

 

ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin və İSİM-in təşəbbüsü ilə keçirilən təlimlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, şəhər poliklinikalarının rəhbərləri iştirak ediblər. ÜST tərəfindən maliyyələşdirilən kursun təlimçiləri AR Fövqəladə Hallar Nazirliyinin, AR Səhiyyə Nazirliyinin, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Tibb Universitetinin mütəxəssislərindən ibarət qrup olub.

 

Altı günlük kurs ərzində “Fövqəladə hallarda yoluxucu xəstəliklərin idarə olunması”, “Fövqəladə hallarda epidemiologiya”, “Fövqəladə hallarda qida çatışmazlığı” habelə mürəkkəb fövqəladə hallarda reproduktiv sağlamlıq, fəlakətlər zamanı xroniki xəstəliklərin idarə olunması, FH-da təcili tibbi yardım sisteminin rolu, fərdi mühafizə və dezinfeksiya, fövqəladə hal kontekstində ekoloji səhiyyə mövzularında da çıxışlar olmuşdu.

14/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013