Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı qəbul etmişdir

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Amerika Birləşmiş Ştatlarının Fövqəladə və Səlahiyyətli səfiri Riçard Morninqstar ilə görüşmüşdür. Görüş zamanı ölkəmizlə Amerika Birləşmiş Ştatları ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinə dair məsələlər müzakirə olunmuşdur.

 

Amerika Birləşmiş Ştatları ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyi (USAİD) və onun təsisatları çərçivəsində aparılmışdır.

 

Görüş zamanı son bir necə il ərzində tərəflər arasında imzalanmış bir sıra layihələr xatırlandı, əldə olunmuş nailiyyətlər müzakirə olundu. Belə ki, Azərbaycan Hökuməti ilə USAİD arasında “ İlkin Səhiyyə Xidmətlərinin Təkmilləşdirilməsi” və “Təcili Yardımın İnkişafı Təşəbbüsü” adlı iki Anlaşma Memorandumu imzalanmış və layihələr həyata keçirilmişdir.

 

Bunlardan əlavə, Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 9 oktyabr 2006-cı ildə imzalanmış Maliyyə Sazişinə əsasən 2006-2012-ci illər üzrə Səhiyyə Sektorunun İslahatları layihəsi çərçivəsində USAİD aktiv tərəfdaş kimi çalışmaqdadır.

 

Minilliyin İnkişaf Məqsədlərindən olan vərəm, QİÇS və malyariyaya qarşı mübarizə üzrə Azərbaycanda Qlobal Fondun layihə proqramları aparılır. Layihələrin həyata keçirilməsi üzrə Ölkə Əlaqələndirmə Mexanizmi (CCM) fəaliyyət göstərir ki, bir sıra digər hökumət və qeyri hökumət təşkilatları kimi USAİD də həmin qurumda tərəfdaşdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

15/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013