Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Prezident İlham Əliyev Saatlı Mərkəzi Rayon Xəstəxanasında görülən işlərlə tanış olmuşdur

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur.

 

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verdi ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılmışdır. Xəstəxana üç korpusdan ibarətdir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulmuş, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılmışdır. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün generator qoyulmuşdur. Xəstəxananın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır.

 

Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılmışdır. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilmişdir. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım, infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur. Xəstəxanada fəaliyyət göstərən ekspress və klinik laboratoriyalar ən müasir avadanlıqla təchiz edilmişdir.

Bildirildi ki, burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də ətraf rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb sahəsində məşhur şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən avadanlıqla təchiz olunmuşdur. Hər bir şöbənin ayrıca intensiv palatası vardır.

 

Qeyd olundu ki, xəstəxananın poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir. Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə, kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim otaqları vardır.

 

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşmüşdür və onları belə bir xəstəxananın istifadəyə verilməsi münasibəti ilə təbrik etmişdir.

 

Prezident İlham Əliyev Saatlı Mərkəzi Rayon Xəstəxanasında görülən işlərlə tanış olmuşdur

29/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013