Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmanın ümumi qaydalarına həsr olunmuş geniş toplantı keçirilmişdir

Noyabrın 5-də səhiyyə nazirinin müavini Elsevər Ağayevin rəhbərliyi ilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmalarının ümumi qaydalarına həsr olunmuş geniş toplantı keçirilmişdir. Toplantının keçirilməsində əsas məqsəd tədbirə dəvət olunmuş özəl tibb müəssisələrinin rəhbərlərini Nazirlər Kabinetinin qərarı ilə tənzimlənən əmək miqrasiyası proseslərinin hüquqi tərəfləri barədə məlumatlandırmaq və bu prosesdən irəli gələn məsələlərə aydınlıq gətirmək idi.

 

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Baş İdarəsinin rəisi İsmayıl Abdullayev iştirak etmişdir .

 

Öz çıxışında xarici mütəxəssislərin ölkəmizdə tibbi fəaliyyətlə məşğul olmaq istəyini, əhaliyə səviyyəli tibbi xidmət göstərmələrini təqdirəlayiq adlandıran E. Ağayev bildirmişdir ki, bütün bu proseslər ölkə qanunları çərçivəsində tənzimlənməlidir.

 

Nazir müavinin xatırlatmasına əsasən, xaricdə təhsil alan və ya xaricdə kurs keçmiş xarici vətəndaşların Azərbaycanda tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün ümumi qaydalar hələ 1999-cu ildə Nazirlər Kabinetinin təsdiq etdiyi 5 saylı qərarla tənzimlənir. Nazirlər Kabinetinin həmin qərarı əsasında səhiyyə nazirliyinin müvafiq əmri ilə xüsusi komissiya yaradılmış və bu komissiyanın əsasnaməsi təsdiqlənmişdir.

 

E.Ağayevin sözlərinə görə, rəsmi qaydalara əsasən, ölkəmizə qonaq qismində və hər hansı konfransda iştirak məqsədi ilə gələn əcnəbi tibb mütəxəssisləri istisna olmaqla, haqqı ödənilən tibbi əmək fəaliyyəti ilə məşğul olacaq hər bir tibb işçisi Səhiyyə Nazirliyinin müvafiq şəhadətnaməsini almalı və bu şəhadətnamənin əsasında Dövlət Miqrasiya xidmətindən əmək vizası alınmalı, daha sonra əmək müqaviləsi imzalanmalıdır.

 

E.Ağayev tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, bütün bu məsələləri nəzərə alaraq prosedurları yüngülləşdirilməsi məqsədi ilə yaradılmış elektron xidmətin Elektron Xidmətlər siyahısına daxil olunmasına dair Nazirlər Kabinetinə müraciət olunmuşdur. Nəticədə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış e-xidmət Nazirlər Kabinetinin ümumi elektron xidmətlər siyahısına daxil edilmişdir. Sözügedən elektron xidmət xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması məqsədi ilə yaradılmışdır. Klinikalar dəvət etdikləri xarici mütəxəssislərdən onlar ölkəyə gəlməzdən öncə müvafiq sənədləri tələb edib elektron formada e-xidməti vasitəsi ilə Səhiyyə Nazirliyinə təqdim edə biləcək.

 

Toplantıda iştirak edən Miqrasiya Proseslərinin idarə olunması Baş İdarəsinin rəisi İsmayıl Abdullayev öz çıxışında ölkədə tətbiq olunmuş “açıq qapı” siyasəti, xarici vətəndaşların, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin çox da kəskin olmayan maneələrdən keçməklə ölkəmizdə yaşamaları, işlə təmin olunması dövlətimizin dünyaya inteqrasiyasının və demokratik proseslərin nəticəsi kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın hazırkı iqtisadi inkişafı və sürətli tərəqqisi həm yaxın qonşu ölkələrin, həm də uzaq xaricin diqqətini böyük bir əmək bazarı kimi ölkəmizə cəlb edir. Onun sözlərinə görə, Azərbaycana gəlmiş miqrantların əksəriyyətini əmək miqrantları təşkil edir. Avropa ölkələrində yaşanan iqtisadi böhran iş yerlərinin itkisinə səbəb olub ki, bu da həmin ölkələrə yollanan ənənəvi miqrantların ölkəmizə maraq göstərməsinə və nəticədə Azərbaycana işçi kütləsinin axınına səbəb olur. Azərbaycanda əmək miqrasiyasının qanunvericiliklə tənzimləndiyini bildirən İ. Abdullayev onu da əlavə etdi ki, ucuz işçi qüvvəsinin Azərbaycanın daxili əmək bazarına və ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması böyük əhəmiyyət kəsb edir. Daha sonra xatırlatmışdır ki, səhiyyə sektorunda bu məsələnin özünəməxsus tərəfləri vardır və hər bir şəxs ölkədə əmək haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmazdan öncə xüsusi razılıq almalı, təsdiq olunmuş proseduralardan keçməlidir. Çıxışının sonunda iştirakçıları Əmək miqrasiyası haqqında Azərbaycan Respublikasının Qanunda əks olunmuş ümumi müddəalarla tanış etmişdir.

 

Sonda Səhiyyə Nazirliyinin İnternet saytında yerləşdirilmiş yeni “Xarici ölkədə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması ilə bağlı e- xidmət” tədbir iştirakşılarına təqdim edildi və hərtərəfli müzakirə olundu.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

6/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013