Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

14 noyabr Ümumdünya Diabet Günüdür

14 noyabr 2012-ci il tarixində Ümumdünya Diabet Gününə həsr edilmiş geniş konfrans keçiriləcək. Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi tərəfindən təşkil olunacaq tədbirdə mərkəzin direktoru Rauf Cabbarovun, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyevanın, Milli Məclisin Sosial siyasət komitəsinin sədri millət vəkili Hadı Rəcəblinin, Səhiyyə Nazirliyinin Tibbi Yardım Təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətovun və s. iştirakı nəzərdə tutulub. İştirakçılar Dünya Diabet Gününün keçirilməsi və Azərbaycanda şəkərli diabetlə bağlı nə kimi işlər görülməsi haqqında məlumat verəcəklər, “Şəkərli diabetlə bağlı Azərbaycan Respublikasında görülən işlər”, “Şəkərli diabet xəstəliyinin müalicəsində son nailiyyətlər” və “Şəkərli diabetin müalicəsində terapevtik təlimin rolu - “Diabet Məktəbləri”” mövzularında çıxışlar edəcəklər.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə uyğun olaraq 1991-ci ildən etibarən 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr eyni zamanda Birləşmiş Millətlər Təşkilatının günü elan edilərək üzv dövlətlər tərəfindən qeyd edilir. Hər il müxtəlif şüar altında keçirilən tədbir “Diabetə qarşı mübarizədə birləşin”. 2009-2013-cü illər üçün diabet gününün 5 illik kompaniyasının mövzusu: “Diabetin təlimi və qarşısının alınması” başlığı altında təşkil olunacaq.

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda bu problemdən kənarda qalmayıb. Azərbaycan qanunvericiliyində bu məsələ öz əksini tapıb və Səhiyyə Nazirliyi bununla bağlı önəmli addımlar atmışdır: “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilmişdir; “Diabet məktəblərinin” yaradılması və inkişafı barədə” sərəncam imzalanmışdır; “2011-2015-ci illər üçün Şəkərli diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir və s.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013