Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Aşura günü”ndə könüllü qanvermə aksiyaları keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü «Aşura günü"ndə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar Bakı şəhərində "Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "İçəri şəhər Cümə", "Qaraçuxur", "Hacı Soltan-Əli", Keşlə qəsəbə məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt şəhər Cümə, Mingəçevir şəhər Heydər, Şəki şəhər, Gəncə şəhər İmamzadə, Bərdə şəhər Cümə, Lənkəran şəhər Böyükbazar məscidlərində, və Mərkəzi Qan Bankının Şirvan və Quba bölmələrində keçirilmişdir. Təşkil olunmuş qanvermə aksiyalarda 4007 nəfər könüllü olaraq qan vermişdir ki, nəticədə 1602.8 litr qan tədarük olunmuşdur. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Ötən illərlə müqayisədə bu il qanvermədə daha çox könüllü iştirak etmişdir. Belə ki, 2011-ci ildə 3409 nəfər qan vermiş və 1363.6 litr qan tədarük olunmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

26/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013